Azərbaycan ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universiteti ilə ABİS Texnologiya şirkəti arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan ali təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universiteti ilə ABİS Texnologiya şirkəti arasında beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb

Universitetin rektoru Elbrus İsayev ikitərəfli görüşdə ABİS Texnologiya şirkətinin rəhbəri, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlını salamlayıb, bu günkü görüşün universitetin professor-müəllim heyəti üçün olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edilib ki, qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir.

Professor Adəm Kalınlı qeyd edib ki, Türkiyə və Azərbaycan arasında elm sahəsində birgə əməkdaşlıq Naxçıvan Dövlət Universitetindən başlamaqla bütün Azərbaycan ali təhsil müəssisələrini də əhatə edəcək. Vurğulanıb ki, bu gün əsası qoyulan birlik bütün Türk dünyası elm adamlarının birgə fəaliyyətinə şərait yaradacaq.

Sonra ABİS texnologiya şirkəti ilə Naxçıvan Dövlət Universiteti arasında beynəlxalq əməkdaşlığa dair protokol imzalanıb. Ali təhsil müəssisələri üçün tədqiqatları və sistemləri ilə tanınan, Türkiyənin bir çox aparıcı universitetlərinə xidmət göstərən şirkət ilə ali təhsil müəssisəsi arasında əməkdaşlıq prinsiplərini əhatə edən protokolda elmi nəşrlərin daim diqqətdə saxlanması, nüfuzlu elmi bazalarda məqalə nəşr edən alimlərin elmi platformaya birgə çıxışının təmin edilməsi, professor-müəllim heyətinin dünya elminə inteqrasiya olunacaq məqalələrinin vahid platformada birləşdirilməsi məsələləri qeyd olunub. Eyni zamanda protokolda beynəlxalq universitetlərin reytinq sistemləri, ali təhsildə tədqiqatların idarə edilməsi, davamlı inkişaf araşdırmaları, açıq arxiv və elm tədqiqatları, təşkilatın fəaliyyətini artırmaq üçün strategiyalar və təcrübələr, sənaye 4.0 üçün universitet təhsili məsələləri də öz əksini tapıb.

Professor Adəm Kalınlının ali təhsil ocağında keçdiyi təlimlərdə iştirak edən bir qrup müəllimlərə sertifikat təqdim edildikdən sonra rektor qonağa hədiyyə təqdim edib.

Qeyd edək ki, protokol çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlı NDU müəllimləri üçün təlim keçib. 3 gün ərzində təşkil olunan təlimin birinci günündə “Ali təhsil sistemində datalara əsaslanan idarəçilik strategiyası” mövzusunda professor Azərbaycan Universitetlərində ali təhsil sistemi üzrə fəaliyyət planının layihəsi, elmi potensialın gücləndirilməsi üzrə təklifləri qeyd edib. Araşdırma universitetləri haqda məlumat verən Adəm Kalınlı Türkiyədə fəaliyyət göstərən universitetlərin elmi potensialı, dünya reytinq sıralamalarında irəliləmələrində professor-müəllim heyətinin elmi nəşrlərinin xüsusi payı olduğunu vurğulayıb. Yüksək nüfuzlu elmi jurnallara çıxış, burada nəşr olunan elmi məqalələr və onlara istinad haqda geniş məlumat verilib. Adəm Kalınlı Azərbaycan universitetlərində mövcud olan elmi potensialı dəyərləndirərək qeyd edib ki, professor-müəllim heyəti beynəlxalq indeks bazalarına malik nəşrlərə üstünlük verməli, bu cür elmi bazalarda məqalə nəşrinin sayı artırılmalıdır.

          Təlimin ikinci günündə “Naxçıvan Dövlət Universitetində elmi fəaliyyət planının istiqamətləri” adlı təqdimatında Adəm Kalınlı qeyd edib ki, araşdırmanı idarə etmək araşdırma etməkdən daha önəmlidir. Araşdırmalar aparmağın önəminə diqqəti çəkən professor bir ölkənin inkişafının elm və texnika ilə birbaşa bağlı olduğunu vurğulayıb. Bu gün burada təcrübələrimizi bölüşməyə gəlmişik- deyə bildirən Adəm Kalınlı təlim iştirakçılarını tədqiqat məlumatlarını idarəetmə metodları ilə tanış edib. Qeyd edilib ki, əgər biz strateji və effektiv şəkildə öz işimizi idarə edə bilmiriksə, onda resurslarımızdan da səmərəli istifadə edə bilmərik. Universitetlər arasında sağlam rəqabət mühitinin formalaşması üçün ali təhsil müəssisələrinin bu istiqamətdə apardığı islahatlardan danışan professor çıxışında akademik məlumat sistemlərinin əhəmiyyətinə toxunub.

Üçüncü təlimdə “Qlobal dəyişikliklər və 4.0 sənaye inqilabı üçün universitet təhsili” haqda danışan Adəm Kalınlı sənaye inqilabının mərhələlərində tendensiyalar, imkanlar və çətinliklər barədə ətraflı məlumat verib.  Diqqətə çatdırılıb ki, təhsil həm cəmiyyətdəki, həm də sənayedəki dəyişikliklərə uyğun olaraq inkişaf edir və təşkilatların gələcəkdə inkişafı üçün lazım gələn insan kapitalını təmin edir. IV Sənaye İnqilabı digər sektorlarda olduğu kimi, təhsil sahəsinə də öz təsirini göstərməkdədir. Əşyaların İnterneti, 3D-çap, süni intellekt və maşın təlimi (machine learning) də daxil olmaqla, yeni nəsil istehsal texnologiyasının inkişafında böyük irəliləyişlərdən ətraflı söhbət açan təlimçi Sənaye 4.0 innovasiya üçün insan kapitalı və intellektual resurslara üstünlük verildiyini diqqətə çadırıb.

Məlumat üçün onu da bildirək ki, Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlı Kompüter Mühəndisliyi üzrə müəllimdir və onun elmi işləri əsasən süni intellekt metodları və tətbiqləri üzərində cəmlənib. Hazırda Yaxın Şərq Texniki Universitetində Korporativ Məlumatların İdarə Edilməsi üzrə Koordinator vəzifəsində çalışır. O, 16 ildən artıqdır ki, Ali Təhsil Siyasətləri, Layihə Proseslərinin, Tədqiqatların, Performansın, Ali Təhsildə Məlumatların İdarə Edilməsi, Universitetlərin Sıralama Sistemləri və Açıq Elm mövzularında işləyir.

Leave a Reply

Your email address will not be published.