Sayt xəritəsi

ADMİNİSTRASİYA



MƏTBUAT ŞÖBƏSİ

Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsi universitetin 2000-ci ildən fəaliyyət göstərən Mətbuat xidmətinin əsasında 2009-cu ildə yaradılıb.

Mətbuat şöbəsi universitetlə KİV arasında əlaqələndirici rolu oynayır. Naxçıvan Dövlət Universitetində elm və təhsil sahəsində baş verən yeniliklər, keçirilən elmi, mədəni-kütləvi tədbirlər, aparılan quruculuq işləri, universitet əməkdaşlarının beynəlxalq konfrans və simpoziumlarda iştirakı, xarici mətbuat orqanlarındakı çıxışları, yeni nəşrlər, mədəniyyət və idman hadisələri barədə operativ informasiya əldə etmək və mətbuatda işıqlandırmaq Mətbuat şöbəsinin fəaliyyətinin əsasınда dayanır. Şöbənin əməkdaşları, həmçinin tələbə jurnalistlər universitet nümayəndələrinin xarici səfərlərini, mədəniyyət kollektivlərinin xarici qastrol səfərlərini, idman komandalarının beynəlxalq yarışlarda iştirakını müşayiət etməklə səfər təəssüratlarını mətbuatda dərc etdirirlər. NDU-nun müxtəlif tərkibli heyətinin Türkiyə Cümhuriyyətinin İqdır, Qars, Elazığ, Kocaeli və digər şəhərlərinə, İran İslam Respublikasının Təbriz, Urmiya, Rusiyanin Moskva, Novosibirsk,  Cənubi Koreyanın Seul, Busan və Kimçonq şəhərlərinə səfərləri ilə bağlı mətbu orqanlarda işıq üzü görən bədii-publisistik yazılar, oçerklər buna əyani sübutdur.
 
Şöbə universitet əməkdaşlarının mətbuatla əlaqəsini təmin etməklə onların elmi-kütləvi məqalələrinin, bədii-publisistik yazılarının mətbuatda dərc olunmasına yaxından köməklik göstərir. Beləliklə, Mətbuat şöbəsi mətbuat orqanlarının elm və tədris yönlü informasiyalara olan tələbatını ödəyir, milli elmin, təhsilin inkişaf tempinin geniş oxucu kütləsinə çatdırılmasında fəal iştirak edir. 2007-ci ildə Mətbuat şöbəsinin əməkdaşları Seyid Surə və Mehriban Sultan mətbuat xidmətinin səmərəli təşkilinə görə Naxçıvan Dövlət Universitetinin, universitetin 40 illik yubileyi münasibəti ilə, gənc nəslin təlim-tərbiyəsi işində xidmətləri nəzərə alınmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanlari ilə təltif olunublar. Mətbuat şöbəsinin müdiri Mehriban Paşa qızı Sultanova təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılmasına və media ilə fəal əməkdaşlığına görə 22 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomuna layiq görülüb. Mehriban Paşa qızı Sultanova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 06 mart 2015-ci il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı ilə, 21 iyul 2015-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalisti” fəxri adı ilə təltif olunub.

Mətbuat şöbəsi operativ və peşəkar fəaliyyət göstərmək üçün müasir informasiya kommunikasiya texnologiyaları vasitələri – kompyuter, çap qurğusu, faks aparatı, fotoaparatlar ilə təmin olunub.

Mətbuat şöbəsi 2009-cu ildən müxtəlif dövri mətbuata abunə yazılmışdır. Şöbə rektorluq tərəfindən də mütəmadi olaraq müvafiq beynəlxalq və mərkəzi mətbuat orqanları ilə təmin olunur. Universitetin professor-müəllim heyətinin, tələbələrin gündəlik mətbu orqanlarla, universitetlə bağlı dərc olunan materiallarla tanış olması məqsədilə şöbənin nəzdində “Mətbuat guşəsi” yaradılıb.

Şöbədə universitet tarixini və fəaliyyətini əks etdirən elektron fotoarxiv də təşkil olunub. Bu fotoarxivdən universitetin ayrı-ayrı struktur bölmələri ilə bağlı nəşrlərin, fotostendlərin, slaydların hazırlanmasında istifadə olunur.

Mətbuat şöbəsi həm də jurnalistika üzrə təhsil alan bakalavr və maqistrlərin peşə təcrübəsi qazanmaları üçün etibarlı bazalardan biridir.

Mətbuat şöbəsinin müdiri -  Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin, Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Mehriban Paşa qızı Sultanovadır.