Sayt xəritəsi

ELM VƏ TƏHSİL



QƏBUL QAYDALARI

1.1. Azərbaycan Respublikasının təhsil və elmi-tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir:

Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq haqqında hökümətlər və idarələrarası sazişlər əsasında; təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında; qeyri-hökümət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına;

Təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında.

1.2. Əcnəbi tələbələrin dövlət hesabına təhsili təhsil müəssisələrinin tabe olduğu müvafiq nazirlik, komitə və idarə rəhbərlərinin göndərişi və təhsil müəssisəsi ilə xarici ölkə təhsil müəssisələri arasında bağlanmış müqavilələrə uyğun tələbə mübadiləsi çərçivəsində həyata keçirilə bilər.

1.3. Dövlət təhsil müəssisələrində əcnəbi tələbələrin ödənişli əsaslarla təhsilinin bütün növləri üçün təhsil haqqı təhsil müəssisələrinin təklifi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunur və təsdiq edilir.

1.4. Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər. Başqa əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün,  Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil ödənişlidir.

1.5. Azərbaycan Respublikasının ümumtəhsil məktəblərini bitirmiş və müvafiq təhsil sənədi almış Azərbaycan Respublikasında müvəqqəti yaşayan əcnəbilər üçün Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrlə başqa qaydalar nəzərdə tutulmayıbsa, təhsil pulludur.

1.6. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının təhsil müəssisələrinə hazırlıq kurslarını bitirib təhsil haqqında müvafiq dövlət sənədi aldıqdan sonra qəbul edilirlər.

1.7. Hazırlıq müvafiq hazırlıq kursları vasitəsilə həyata keçirilir. Təhsil sənədi Azərbaycan Respublikasında qəbul edilmiş müvafiq təhsil proqramları səviyyəsinə uyğun olan əcnəbilər hazırlıq kurslarına qəbul edilə bilərlər. Hazırlıq müddətinin sonunda dinləyicilər buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş dinləyicilərə təhsil haqqında vahid formada dövlət sənədi təqdim edilir.

1.8. Ödənişli əsaslarla təhsil almaq hüququ qazanmış əcnəbi tələbələr təhsil müəssisəsi ilə bu Əsasnamənin əlavəsinə uyğun olaraq müqavilə bağla-yırlar.

1.9. Əcnəbilər üçün ümumtəhsil proqramları Azərbaycan məktəbləri üçün müəyyən edilmiş yaş məhdudiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyin etdiyi ümumtəhsil məktəblərində həya-ta keçirilir.

1.10. Ali təhsil müəssisələrinin Magistr pilləsinə mövcud qaydaların tələbləri gözlənilməklə təhsil səviyyəsi ali təhsilin bakalavr səviyyəsinə uyğun gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul edilirlər. Azərbaycandan kənardakı ali məktəblərin bakalavr pilləsinin məzunu olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dil hazırlığını keçdikdən sonra və ya təlim dilini bilərsə, eksternat yolu ilə dil hazırlığı üzrə imtahan verdikdən sonra magstr pilləsinə qəbul oluna bilərlər.

1.11. Doktoranturaya qəbul mövcud qaydalara əsasən ali təhsil və elmi-tədqiqat müəssisələrində həyata keçirilir.

1.12. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mövcud qaydalara əsasən Azərbaycan Respublikasının təhsil və elmi-tədqiqat müəssisələrində stajkeçmə, ixtisasartırma və yenidən hazırlanma kurslarını keçirlər.

1.13. Təhsil almağa gələn əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • təhsil müəssisəsi rəhbərinin adına ərizə;
  • keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri);
  • sağlamlıq və QİÇS haqqında arayışlar;
  • milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə;
  • tərcümeyi-hal;
  • 3x4 ölçüdə 8 ədəd fotoşəkil.