Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



HEYDƏR ƏLİYEV UNİVERSİTETİ

Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 6 mart 1997-ci il tarixli qərarı ilə yaradılmış "Heydər Əliyev Universiteti" tələbə gəncliyə müstəqil dövlətçiliyimizin ideoloji aspektlərinin elmi əsaslarla aşılanması sahəsində siyasi-mənəvi tərbiyə qurumu kimi çox səmərəli fəaliyyət göstərir. Bu yeni tipli dövlətçilik məktəbinin 5 aprel 1997-ci ildə keçirilən ilk məşğələsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinın Sədri Vasif Talıbov «Heydər Əliyevin həyatı və fəaliyyəti universitetdir» mövzusunda çıxış etmiş, bu siyasi tərbiyə məktəbinin qarşısında duran vəzifələri müəyyən etmişdir.



Heydər Əliyev Universitetində ötən dövr ərzində 152 məşğələ keçirilmişdir.

Bu məşğələlərdə akademik Əli Abbasov «Heydər Əliyev və Azərbaycanda rabitə texnologiyalarının inkişafı problemləri», akademik Budaq Budaqov «Heydər Əliyev və Azərbaycan təbiəti», Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, deputat Ziyafət Əsgərov «Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət», akademik İsa Həbibbəyli «Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi», akademik İsmayıl Hacıyev «Heydər Əliyev və Azərbaycanın tarixi məsələləri», akademik Ziyad Səmədzadə «Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı», akademik Bəkir Nəbiyev «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı», akademik Rasim Əfəndiyev «Heydər Əliyev və Azərbaycan incəsənəti», AMEA-nın müxbir üzvü Yaqub Mahmudov «Heydər Əliyev və Azərbaycanda demokratik seçkilər», professor Hüseyn Əhmədov «Heydər Əliyev və xalq maarifi» mövzularında və başqaları elmi məruzələrlə çıxış etmişlər.

Heydər Əliyev Universitetində xarici ölkələrin Azərbaycandakı səfirlərinin ulu öndərin həyatının və siyasi fəaliyyətinin həmin ölkələrlə əlaqələrinə dair mühazirələr təşkil edilir. Yaponiya, Çin, Cənubi Koreya, Misir Ərəb Respublikası, Polşa, Macarıstan, Rusiya Federasiyası və başqa ölkələrin səfirlərinin Heydər Əliyev Universitetindəki mühazirələri maraqla qarşılanmışdır.

Universitet içində universitet funksiyasını uğurla həyata keçirən Heydər Əliyev Universitetinin filmotekasası və kitabxanasıda vardır.