Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



TƏLƏBƏ TEATR STUDİYASI

Tələbə teatr studiyası 1998-ci ildə ictimai əsaslarla yaradılmışdır.


Studiyanın ilk tamaşası 1999-cu ildə «Kitabi-Dədə Qorqud» dastanlarının 1300 illiyi ilə əlaqədar yazıçı-ədəbiyyatşünas Kamal Abdullanın «Beyrəyin taleyi» əsəri olmuşdur. Bu tamaşa Türkiyə Cumhuriyyətinin müxtəlif şəhərlərində də uğurla nümayiş olunmuş, Bayburt şəhərində keçirilən beynəlxalq festivalda birinci mükafata layiq görülmüşdür.

Elə həmin il Tələbə teatr studiyasının hazırladığı ulu öndər Heydər Əliyevə həsr olunan «Prezidentim, yüz yaşa!» adlı musiqili-ədəbi kompozisiya böyük rəğbətlə qarşılanmışdır. Türk dramaturqu Turan Oflazoğlunun pyesləri əsasında hazırlanmış  «Türklərin Atatürkü» adlı tamaşa Naxçıvanla yanaşı, Türkiyənin müxtəlif bölgələrində də müvəffəqiyyətlə oynanılmışdır.

Tələbə teatr studiyası ustad ədibimiz Cəlil Məmmədquluzadənin «Anamın kitabı» pyesini tamaşaya hazırlamış, bu əsər də Naxçıvan Muxtar Respublikasında və Türkiyənin bir sıra şəhərlərində tamaşaçıların böyük rəğbətini qazanmışdır.

2009-cu ildə Mirzə Cəlilin «Ölülər» əsərinin yüzüncü ildönümündə Tələbə teatr studiyası bu ölməz tragikomediyanın oricinal səhnə təcəssümünə nail olmuşdur. Tamaşa Naxçıvan şəhərində və Muxtar Respublikanın bütün rayonlarında göstərilmişdir.

Bunlardan əlavə, universitetdə keçirilən mədəni-kütləvi tədbirlərdə, əlamətdar günlərlə əlaqədar bədii proqramlarda da studiya üzvləri maraqlı kompozisiyalarla iştirak edirlər.

2011-ci ildə universitetdə «Aktyor sənəti» ixtisası üzrə kadr hazırlığına başlanılması, «Teatr və mədəniyyətşünaslıq» kafedrasının təşkili tələbə teatr studiyasının yaradıcılıq potensialını daha da qüvvətləndirmişdir.

Tələbə teatr studiyası yaranandan onun fəaliyyətinə baş müəllim, hazırda «Teatr və mədəniyyətşünaslıq» kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Mənaf qızı Əhmədova rəhbərlik edir.