Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



HEMİNQUEY MƏRKƏZİ

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Ernest Heminquey Mərkəzi 2002 - ci ilin may ayında təsis edilmişdir. 2003 - cü ilin mayında Ernest Heminqueyin həyatı və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir.


Həmin elmi konfransda ABŞ nümayəndəsi professor Harri Lepinski, Ərzurum Atatürk Universitetinin professoru Osman Demirdoğan İstanbul Atatürk Universitetinin müəllimi Burcu Candan və NDU - nun “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının müəllimləri, həmçinin Tarix - filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı və jurnalistika ixtisası üzrə, o cümlədən Beynəlxalq  münasibətlər və xarici dillər fakültəsinin ingilis dili ixtisası üzrə tələbələri çıxış etmişlər. Yüksək səviyyədə təşkil olunmuş konfransda dünya şöhrətli yazıçı, Nobel Mükafatı laureatı Ernest Heminqueyin həyatı və fəaliyyətini əks etdirən məruzələr dinlənilmiş, slaydlar nümayiş etdirilmiş, tələbələr arasında yazıçı ilə bağlı sorğu keçirilmiş, sonda ABŞ-da istehsal olunmuş Ernest Heminqueyin həyat və yaradıcılığını əks etdirən film göstərilmişdir. Professor Harri Lepinski görkəmli yazıçının ingilis dilində olan kitablarını, eləcə də onun haqqında müxtəlif vaxtlarda ABŞ mətbuatında dərc olunmuş məqalələri NDU - nun Ernest Heminquey Mərkəzinə bağışlamışdır.

Akademik İsa Həbibbəyli 2003 - cü ilin payızında Amerikada səfərdə olmuş, həmçinin Oyk-Parkda yerləşən Ernest Heminqeyin Ev Muzeyini ziyarət etmiş, Ernest Heminqey elmi-tədqiqat Mərkəzində təşkil olunmuş simpoziumda «Heminquey və Azərbaycan» mövzusunda məruzə ilə  çıxış etmişdir. O, həm də NDU - da fəaliyyət göstərən Ernest Heminquey Mərkəzi haqqında geniş məlumat vermişdir. Simpoziumda Ernest Heminqueyin Ev Muzeyinin direktoru, professor Red Qriffin çıxış edərək akademik İsa Həbibbəyliyə yazıçının həyat və fəaliyyətinin tanıdılması ilə bağlı apardığı işlər üçün dərin minnətdarlığını bildirmişdir.  İsa Həbibbəyli E.Heminqueyin Azərbaycan dilində nəşr olunmuş «Əcəl zəngi kitabını» Heminquey Mərkəzinin kitabxanasına bağışlamışdır. Səfərdən qayıdarkən akademik İsa Həbibbəyli  yazıçı ilə bağlı özünün təşəbbüsü ilə alınmış çoxlu sayda kitab və jurnalları NDU - nun Ernest Heminquey Mərkəzinə təqdim edərək mərkəzin fondunu zənginləşdirmişdir.

Ümumiyyətlə, NDU - nun bir sıra əməkdaşları, o cümlədən Anar Kazımov, Xumar Məmmədova, Yusif Səfərov müxtəlif vaxtlarda Oyk - Parkda yerləşən Ernest Heminqueyin Ev Muzeyində olmuş, əlaqələri davam etdirmişdir.

Naxçıvan Dövlət Universitetində 2005 - ci ildə NDU - da Ernest Heminqueyin həyat və fəaliyyətini əks etdirən növbəti Ernesi Heminquey konfransı təşkil olunmuşdur. Konfransda universitetin professor - müəllim heyəti lə yanaşı, ABŞ alimləri də iştirak etmişlər.

Akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 2011 - ci ildə universitetdə “Dahi Amerika yazıçısı Ernest Heminqueyin yaradıcılığında insan və zaman” mövzusunda elmi konfrans keçirilmiş, görkəmli yazıçının ümumən yaradıcılıq yolu, hekayələri, Ernest Hemiqueyin yaradıcılığında Türkdünyası mövzusunun tədqiqi ətrafında məruzələr dinlənilmişdir.

Akademik İsa Həbibbəyli görkəmli yazıçının təkcə ABŞ - da deyil, həmçinin dünyanın bir sıra ölkələrində  müxtəlif dillərdə nəşr olunan əsərlərini əldə edərək NDU - nun Ernest Heminquey Mərkəzinə bağışlamışdır.

Həmçinin akademik İsa Həbibbəylinin tövsiyəsi əsasında NDU -nun Televiziya Studiyasında ingilis dilində “Ernest Heminquey” adlı film hazırlanmışdır. Filmin ssenari müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədovadır.

NDU - nun aspirantı Susənbər Ağamalıyeva əsasən Ernest Heminquey Mərkəzində toplanmış materiallardan da istifadə etməklə “Ernest Heminquey və Şərq” mövzusunda namizədlik dissertasiyası yazmışdır.

Naxçıvan Dövlət Universitetinin Ernest Heminquey Mərkəzi həm də muzey kimi fəaliyyət göstərir. Burada dünya şöhrətli sənətkarın həyatı və yaradıcılığının ən səciyyəvi məqamlarını əks etdirən çoxsaylı maraqlı fotolar, nadir sənədlər, tərcümeyi-hal materialları nümayiş etdirilir. NDU-dakı Ernest Heminquey Mərkəzində filologiya ixtisası üzrə təhsil alan tələbələr Dünya ədəbiyyatına dair dərslər keçirlər.