Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT

"YENİ FİKİR" QƏZETİ

Keçmiş Sovetlər Birliyi respublikalarının ali məktəblərində geniş yayılmış çoxtirajlı qəzetlərin nəşr edilməsi ənənəsi müəllimlərin və tələbələrin yaradıcılıq fəallığına imkan yaratmaqdan çox mövcud cəmiyyətin ideologiyasını təbliğ etmək məqsədinə xidmət edirdi. Müstəqillik ərəfəsində həmin qəzetlər tarixi yaddaşın bərpası, milli dövlətçilik ənənəsinin dirçəldilməsi, soykökə qayıdış, adət-ənənələrə ehtiram göstərilməsi kimi ideyalar ətrafında ziyalı mövqeyinin təbliğatında mühüm rol oynadılar.

Naxçıvan Dövlət Universitetinin birinci sayı 15 oktyabr 1991-ci ildə çap edilmiş “Fikir” adlı qəzeti də həmin milli-tarixi proseslərin işığında meydana çıxmışdır. Azərbaycan SSR Dövlət Mətbuat Komitəsinin 5 sentyabr 1991-ci il tarixdə verilmiş 330 saylı qeydə alınma şəhadətnaməsi əsasında nəşrinə icazə alınmış “Fikir” qəzeti Azərbaycan ali təhsil sistemində region universitetində çap olunan ilk mətbuat orqanı idi. Azərbaycan SSR Nazirlər Sovetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun əsasında Naxçıvan Dövlət Universitetinin yaradılması da “Fikir” qəzetinin meydana çıxmasında mühüm rol oynadı. Universitet statusu qazanması ali məktəbin çoxtirajlı qəzetinin çıxmasına təminat verən əsas faktorlardan biri idi.

O zaman Naxçıvan Dövlət Universitetinin mətbuu orqanının “Fikir” adlandırılması vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru Aleksey Osipoviç Çernyayevskinin  həmin seminariyanın Naxçıvandan olan məzunu Əliməmməd Xəlilovla birlikdə Tiflisdə  nəşr etdirmək istədikləri, lakin çapına nail ola bilmədikləri “Fikir” adlı maarifçi qəzetin adını yaşatmaq, ənənəsini davam etdirmək məramı ilə əlaqələndirilmişdi. Qəzetin 12 noyabr 1991-ci il tarixli ikinci sayında dərc edilmiş “Fikir” qəzeti – 98 il sonra” adlı məqalədə eyni zamanda bu mətbuat orqanı “fikirləşməyi, düşünüb müqayisə etməyi, nəticə çıxarmağı bacaranlar üçün söz kürsüsü” kimi də səciyyələndirilir. Beləliklə, “Fikir” qəzeti Naxçıvan Muxtar Respublikasında ali məktəb müəllimləri və tələbələrinin mətbuat tribunası kimi 1997-ci ilədək fəaliyyətini davam etdirərək maariçi düşüncənin inkişafına kömək etmiş, universitet həyatının salnaməsini yaradır.

Sonrakı illərdə Avropa universitetlərinə inteqrasiya sayəsində Qərb ali məktəblərində qəzetlərin deyil, informasiya bülleteni tipli jurnalların nəşr edilməsi təcrübəsinə istinad edilərək Naxçıvan Dövlət Universitetində “Fikir” qəzetinin bazasında eyni adlı informasiya bülleteninin çap edilməsi qərara alınmışdır. Ötən illər ərzində “Fikir” informasiya bülleteni uğurla Naxçıvanda ali məktəbin elmi-maarifçi mühitinin gedişatını işıqlandırmaqda davam etməkdədir. Beləliklə, Naxçıvan Dövlət Universitetində çoxseriyalı “Elmi əsərlər” jurnalı və “Fikir” informasiya bülleteni ilə yanaşı, ali məktəb qəzetinin də fəaliyyətinə ehtiyac yaranmışdır. Xüsusən də  universitetdə Jurnalistika ixtisası istiqamətində bakalavr və magistr pillələri üzrə kadr hazırlığının mövcud olması da gələcəkdə həm də qəzet nəşri sahəsində çalışacaq yeni nəsil mətbuat işçiləri üçün tələbəlik illərində ilkin təcrübə qazanmaq baxımından da qəzetin çap edilməsi zəruri bir amil kimi meydana çıxır. Bütün bunlara görə Naxçıvan Dövlət Universitetində “Fikir” informasiya bülleteninə əlavə kimi “Yeni fikir” adlı ali məktəb qəzetinin nəşri məqsədəuyğun sayılır.

1 aprel 2011-ci ildə ilk nömrəsi işıq üzü görmüş “Yeni fikir” qəzeti 20 il əvvəl Naxçıvan  Dövlət Universitetində nəşrə başlamış “Fikir” qəzetinin davamıdır, yəni yeni mərhələnin “Fikir” qəzetidir. Bu qəzet zəruri məlumatlarla yanaşı xarakterinə görə “Fikir” informasiya bülletenində gedə bilməyən bədii-publisist yazılara da meydan açan mətbuat orqanıdır. “Yeni fikir” eyni zamanda Jurnalistika ixtisasının müəllimləri və tələbələri, habelə taleyini mətbuatla bağlamaq istəyən hər kəs üçün peşə məktəbi funksiyasını da həyata keçirməkdədir. Gələcək jurnalistlər bu qəzetin nəşri vasitəsilə publisistika sənətkarlığının xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də mətbəə ilə əlaqəli çalışmaq vərdişlərinə yiyələnmək, maket qurmaq, fotojurnalistikanı mənimsəmək baxımından münasib imkanlar qazana bilirlər. “Yeni fikir” universitet mühitindəki elmi-maarifçi baxışların ədəbi-publisist düşüncə ilə zənginləşdirilməsinə də xidmət edir.

“Yeni fikir” qəzetinin baş redaktoru Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent  Şəhla Kifayət qızı Şirəliyevadir.