Sayt xəritəsi

SOSİAL-MƏDƏNİ MÜHİT



UNİVERSİTET TELEVİZİYASI

Naxçıvan Dövlət Universitetində 27 aprel 2006-cı il tarixdən etibarən fəaliyyət göstərən universitet televiziyası müəllimlərin və tələbələrin xitabət kürsüsünə, yaradıcılıq meydanına çevrilib.
 
Universitet televiziyası ali təhsil ocağının 108 hektarlıq ərazisində yerləşən tədris korpuslarının böyük auditoriyalarında qurulmuş televizorlar vasitəsilə bütün universitet ərazisində yayımlanır.

Naxçıvan MR Nazirlər Kabinetinin 11 oktyabr 2006-cı il tarixli sərəncamı ilə televiziyanın Naxçıvan MR ərazisində yayımlanması üçüıı müvafiq tezlik ayrılmışdır. Sərəncama müvafiq olaraq Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 20 oktyabr 2006-cı il tarixli şəhadətnaməsi ilə televiziya dövlət qeydiyyatına alınmış, nazirliyin ayırdığı xüsusi tezlik və ayrıca kanalda yayımlanma razılığı televiziya kanalına universitet ərazisindən 3 kilometr olmaqla izlənmə imkanı yaradıb.

Studiya, rejissor və montaj otaqları, redaksiya otağı, auditoriyalardan ibarət olan televiziya Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı və diqqəti ilə ən son texniki avadanlıqlarla təchiz edilib.

Universitet televiziyası qloballaşan dünyamızın tələblərindən biri sayılan telekörpü vasitəsilə professor-müəllim heyətinin aktuallıq kəsb edən mühazirələrini, universitetə dəvət almış xarici qonaqların arzu və tövsiyələrini geniş auditoriyaya çatdıraraq özündə yenilik, inkişaf və inteqrasiya kimi anlayışları birləşdirir.

Əsas yaradıcı heyəti universitetin Jurnalistika ixtisasının müəllim və tələbələrindən ibarət olan televiziyada qısa müddət ərzində aparıcılar, montajçı və operatorlar, müxbirlər, redaktor və texniki heyət formalaşmışdır.

Fəaliyyət göstərdiyi müddətdə sənədli filmlərin çəkilişi və montajı məsuliyyətini çiyinlərinə götürən televiziya universitetin tanıtım filminin, akademik İsa Həbibbəylinin həyat və fəaliyyətindən bəhs edən “Vəhdətin dayaq nöqtəsi”, mərhum dosent Abbas Mehdiyevin 70 illik yubileyinə töhfə olan “Müdriklik fəlsəfəsi”, tələbə rəssam Arzu Novruzovun yaradıcılığına həsr olunmuş “Rənglər dünyası”, eləcə də UTV-nin bir illik fəaliyyətini özündə əks etdirən “Ecazkar mavi işıq”,  1997-2016-cı illər ərzində NDU-nun “Qeyrət” nəşriyyatının direktoru işləmiş, tarix elmləri namizədi, mərhum şair-publisit Vaqif Məmmədova həsr olunmuş “Vətən sığır ürəyimə”, universitetin reallaşdırdığı, beynəlxalq əhəmiyyətli “Elektron Naxçıvan” layihəsindən bəhs edən “Dünyaya virtual pəncərə”, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, universitetin “Fortepiano” kafedrasının müdiri, professor Səidə Məmmədovanın anadan olmasının 70 illiyi münasibətilə çəkilən “Bir ömrün simfoniyası”, “Naxçıvan Dövlət Universitetinin inkişaf yolu”  filmlərini arzudan reallığa çevirib.

Universitet heyəti ilə birlikdə onu xarici səfərlərdə müşayiət edən tələbə operator və müxbirlər  İran İslam Respublikasının Təbriz, Urmiya, Türkiyənin İqdır, Qars, İzmit, Kocaeli və digər şəhərlərindən, Rusiyanın Moskva, Novosibirsk, Cənubi Koreyanın Seul, Busan və Kimçonq şəhərlərindən çəkdikləri göriıntüləri və görüşləri videolentin yaddaşına köçürməklə yerli televiziya auditoriyasını məlumatlandırmaqda və bu görüşləri tarixin yaddaşına çevirməkdədirlər.

Universitet televiziyasında formalaşan jurnalistlər Naxçıvan Dövlət Televiziya və Radio Verlişləri Komitəsi, eləcə də digər telekanallar üçün yetkin kadr sayılmaqla gələcək fəaliyyətlərinin təməlini möhkəmlətməkdədirlər.
 
Məlum olduğu kimi, universitetin Cənubi Koreya Respublikasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA)  ilə birgə həyata keçirdiyi “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi uğurla tamamlanmışdır ki, layihənin ikinci mühüm tərkib hissəsi məhz rəqəmsal multimedia infrastrukturu ilə bağlı idi. Layihə çərçivəsində “Universitet” televiziyasında yaradılan yeni infrastruktur videodərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə geniş imkanlar açıb. Bu məqsədlə televiziya müasir texnologiyalarla təchiz olunub, burada virtual studiya quraşdırılıb. Yeni qurulmuş sistem idarəetmə, server otağından və və studiya otaqlarından ibarətdir. Sistemin qurulmasında əsas məqsəd universitetdə distant təhsilə keçid və elektron universitetin yaradılması ilə bağlıdır. İdarəetmə otağında kontentlər – videodərslər xüsusi proqram vasitəsilə “HD” formatda çəkilib yaddaşa yazılır, universitetin internet portalındakı müəllimlər üçün ayrılmış “Elektron mühazirə” bölməsinə yerləşdirilir. Hazırda “Universitet” televiziyasının və “Nuhçıxan” radiosunun Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatda yayımlanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 24 fevral 2015-ci il tarixdə layihənin aşılış mərasimində iştirak edərək qonaqlarla birgə 5 km radiusunu əhatə edən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun yayımlarını, koreyalı mütəxəssilərlə birgə hazırlanana kontent nümunəsini izləyib. Ali Məclisin Sədri Media Mərkəzində olarkən universitetdə jurnalistika ixtisası üzrə kadr hazırlığı ilə bağlı verdiyi tapşırıqlar Universitet televiziyasının gələcək fəaliyyət istiqamətini müəyyənləşdirməkdədir.