Sayt xəritəsi

UNİVERSİTET HAQQINDA



REKTORDAN MÜRACİƏT

Hörmətli dostlar!

Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının ali məktəblər ailəsində özünəməxsus yer alan universitetlərindən biridir. Universitetimizin 108  hektarlıq ərazisində  hər cür imkanlara malik müasir tipli tədris korpusları qurulmuşdur. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqlarla təchiz edilmiş elektron siniflər, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana müəllimlərə və tələbələrə xidmət edir. Universitetdə bütün ərazini əhatə edən Wi-Fi simsiz internet sistemi mövcuddur.



Xarakterinə görə Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik olan, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir tipli ali təhsil ocağıdır.

Dünyanın dörd qitəsində əllidən çox universitetlə əməkdaşlıq müqavilələri imzalamış Naxçıvan Dövlət Universitetinin beynəlxalq aləmdə geniş əlaqələri, etibarlı tərəfdaşları və səmimi dostları vardır. Universitetdə TEMPUS proqramı üzrə üç qrant layihəsi həyata keçirilməkdədir. Üzvü olduğumuz Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu Universitetləri Rektorlarının Birliyi Naxçıvan Dövlət Universitetinin əlaqələrinin genişlənməsində və birgə layihələrin, beynəlxalq simpoziumların təşkilində mühüm rol oynayır.

Naxçıvan Dövlət Universitetindəki Televiziya studiyası, “Nuhçıxan” radiosu, teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri burada mədəni mühitin inkişafına uğurla  xidmət edir. Universitetdə tələbə idmançılar üçün ən müasir imkanlar yaradılmışdır.

Bir sözlə, Naxçıvan Dövlət Universitetində yüksək səviyyədə ali təhsil almaq, geniş bilik və dünyagörüşü qazanmaq, bacarıqları və qabiliyyətləri inkişaf etdirmək, asudə vaxtı maraqlı və mənalı keçirmək üçün hər cür şərait və böyük imkanlar vardır.

Universitetimizin tələbə evi ənənəvi tələbə yataqxanalarından fərqli olaraq hər cür imkanlara malik olan müasir səviyyəli yaşayış mərkəzidir.

Sizləri salamlayır, bizimlə çoxcəhətli əməkdaşlığa dəvət edir, tələbələrimizin sıralarına qoşulmağınızı arzu edirəm.

Naxçıvan Dövlət Universiteti XXI əsrin universitetidir.
                                                                                                                            
Universitetimizə xoş gəlmişsiniz!  
 
                                                                                                                                  NDU-nun rektoru,