Sayt xəritəsi

TƏLƏBƏ TƏŞKİLATLARI



TƏLƏBƏ ELMİ CƏMİYYƏTİ

Naxçıvan Dövlət Universitetində tələbələrin elmi-tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi vəzifələrini Tələbə Elmi Cəmiyyəti yerinə yetirir. Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbidir. Eyni zamanda,  bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır. Bu elmi arena tələbələrin nə qədər bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından çox önəmlidir.
Naxçıvan Dövlət Universitetində Tələbə Elmi Cəmiyyəti 1969-cu ildə, bu ali məktəb Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyət göstərdiyi dövrdə yaradılmışdır. Həmin illərdə cəmi 25 nəfər tədqiqatçı tələbəni əhatə edən cəmiyyətin üzvlərinin sayı sonralar ildən-ilə artmışdır. Hazırda Universitet Tələbə Elmi Cəmiyyəti sıralarında tələbə yaradıcılıq axtarışlarına maraq göstərən gəncələr elmi-tədqiqat işləri sahəsində ilk addımlarını atmaqdadır.

Hər tədris ilinin başlanğıcında bütün fakültələrdə, xüsusən birinci kurslara TEC haqqında məlumat verilir. Fakültə TEC sədrləri və üzvləri seçilir, fəaliyyətə başlanılır. Müxtəlif mövzular seçilərək tələbələrə verilir. Naxçıvan Muxtar Respublikasının tarixi, coğrafiyası, təbiəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında mövzuların verilməsinə üstünlük verilir. Hər tələbənin elmi rəhbəri vardır. Tədris ilinin sonuna kimi tələbələr öz elmi işi üzərində çalışır, araşdırmalar aparır.

Tədris ilinin sonuna yaxın fakültələrdə yekun konfranslar keçirilir. Daha bacarıqlı tələbələr seçilərək universitet turuna buraxılırlar. Universitet turunda tələbələrin işlərindən ibarət yaradıcılıq sərgisi də nümayiş etdirilir. Burada ən layiqli tələbələr qalib çıxaraq müvaffiq diplomlar və hədiyyələrlə təltif olunurlar. Qaliblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi tələbə elmi konfranslarında iştirak etmək hüququ qazanırlar.

Tələbə Elmi Cəmiyyətinin sədri  Hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Ramazan Şahin oğlu Abdullayevdir.