Sayt xəritəsi

TƏLƏBƏ TƏŞKİLATLARI



İDMAN

           Naxçıvan Dövlət Universitetində  universitetin yarandığı ilk gündən digər sahələrdə olduğu kimin tələbələrin fiziki tərbiyəsinə də ciddi fikir verilmişdir.

    

1967-ci ildə fəaliyyətə başlayan Azərbaycan Pedaqoji İnsititunun Naxçıvan filialında saathesabı müəllimlərlə birlikdə, 20 müəllim və 105 tələbə olmuşdur. Burada ilk bədən tərbiyəsi müəllimi Hüseynov Xalid Lətif oğlu olmuşdur. O, 1 sentyabr 1967-ci ildə filiala müəllim təyin edilmiş, 1968-ci il 18 sentyabrda müsabiqə yolu ilə müəllim seçilmişdir. 1968-ci ildə filialda bədən tərbiyəsi dərs saatlarının çoxalması ilə əlaqədar olaraq Bağırov İsrafil Məmmədəli oğlu ştat üzrə müəllim, Abbasov Rüstəm Bağır oğlu isə saathesabı müəllim təyin edilmişdir.

     

Həmin dövrdən dövlət proqramı əsasında, məcburi dərs formasında keçirilən bədən tərbiyəsi dərsləri ilə yanaşı filial direktorluğunun 01 oktyabr 1970-ci il tarixli əmrinə əsasən filialda stolüstü tennis, futbol, basketbol, voleybol, gimnastika üzrə dərsdənkənar məşğələlər təşkil edilmişdir. Bu məşğələlərə rəhbərlik X. Hüseynov və İ. Bağırova tapşırılmışdır.

     

Həmin il direktorluğun əmri ilə futbol, voleybol, basketbol, stolüstü tennis, şahmat növləri üzrə filialın daxili birinciliyi keçirilmişdir.

     

1967-70-ci illərdə filialda ƏMH kompleksi normalarının qəbulu üzrə də xeyli işlər görülmüşdür. 23 dekabr 1968-ci ildə ƏMH normalarını qəbul etməkdən ötəri ƏMH komissiyası yaradılmışdır.

     

1970-80-cı illərdə filialda tələbə kontigentinin artması ilə əlaqədar bu tədris ocağına yeni bədən tərbiyəsi müəllimləri cəlb edilmişdir. Filial direktorluğunun 13 sentyabr 1971-ci il tarixli 125 saylı əmrinə əsasən Əliyev Elman Məhəmməd oğlu və Kazımov İntiqam Hacı oğlu filiala saathesabı müəllim təyin edilmişlər. bu dövrdə məcburi bədən tərbiyə dərsləri I, II kurslarda həftədə 2 saat olmaqla tədris edilirdi.

 

70-ci illərdən başlayaraq filialın müxtəlif idman növləri üzrə yığma komandaları respublika yarışlarında iştirak etməyə başlamışdır. 21 aprel 1971-ci ildə filialın futbol komandası Ordubad şəhərinə ezam edilmiş, Ordubad rayonunun yığma komandası ilə yoldaşlıq görüşü keçirilmişdir. Komandanın tərkibinə Vəliyev Vahid, Mustafayev Sadiq, Seyidov Mirhəşim, Vəzirov Səbuhi və s. bacarıqlı futbolçular daxil idi. Elə həmin il filialın voleybol üzrə yığma komandası Naxçıvan MR-nın V yubiley spartakiadasında qalib gəlmiş, komandanın üzvləri filial direktorluğunun 10 fevral 1971-ci il 14 saylı əmrinə əsasən bir aylıq təqaüdlə mükafatlandırılmışlar. 1972-ci ildə filialda fiziki tərbiyə işini daha da yaxşılaşdırmaq məqsədilə “Mülkü Müdafiə və bədən tərbiyəsi” kafedrası yaradılmış, X. Hüseynov 01 noyabr 1972-ci ildə ilk kafedra müdiri təyin edilmişdir Elə həmin il aprel ayının birində E. Əliyev filiala müsabiqə yolu ilə müəllim seçilmişdir.

     

İnstitutun oğlan və qızlarından ibarət yığma yüngül atletika komandası 9 sentyabr 1974-cü ildə Bakı şəhərində “İzvestiya” qəzetinin mükafatı uğrunda yarışlarda fəal iştirak etmişdir. Bu yarışda 17 idmançı, iki müəllim (X. Hüseynov, E. Əliyev) iştirak etmişlər.

     

14 mart 1974-cü ildə Bakı şəhərində keçirilən boks yarışlarında institutu 7 idmançı təmsil etmişdir. Həmin ilin mart ayının 29-da institutun yüngül atletika komandası Bakı şəhərində “kross” yarışlarında iştirak etmişdir.

     

70-80-cı illərdə institutda gimnastika avadanlıqları ilə təchiz edilmiş bir qapalı idman zalı, bir güləş zalı, bir standart ölçüləri və yaşıl örtüyü olan futbol meydançası var idi. 1981-82-ci tədris ilində bütün fakültələrdə bədən tərbiyəsi dərsləri I və II kurslarda məcburi dərs formasında, III kurslarda həftədə 2 saat olmaqla, fakültetiv dərs formasında tədris olunurdu.

     

İnstitutda güləş idman növünə dayaq idman növü kimi xüsusi diqqət yetirilirdi. Elə ona görə də 13 mart 1976-cı ildə institutun sərbəst güləş komandası Azərbaycan Respublikası IV tələbə oyunlarının proqramına daxil olan güləş yarışlarında 12 nəfər idmançı ilə təmsil olunmuş, tələbələrdən Abbasov Məmmədtağı II, Məmmədov Azər isə III mükafatçı olmuşdur. 5 may 1977-ci ildə yenə güləş komandası “Buravestnik” cəmiyyətinin sərbəst güləş yarışlarında iştirak etmiş ( 10 idmançı və məşqçi M. H. Rəhimov), 6 aprel 1980-ci ildə institutun cüdo komandası IX tələbə idman oyunlarında 8 idmançı ilə təmsil olunmuş, (məşqçi: M. H. Rəhimov) idmançılardan Əliyev Əli II mükafatçı olmuşdur.

     

Bu dövrdə isntitutda voleybol və yüngül atletika növləri də dayaq idman növləri kimi inkişaf etdirilirdi. Ona görə də 6 fevral 1978-ci ildə institut voleybol komandası Lənkəran şəhərində Naxçıvan MR-i təmsil etmiş, (məşqçi: E. Əliyev) institutun yüngül atletika komandası isə İrəvan şəhərində keçirilən ümumittifaq kross yarışlarında iştirak etmişdir (məşqçi: İ. Kazımov və 9 tələbə).

     

Bu dövrdə fiziki tərbiyənin kütləviliyinə də diqqət yetirlirdi. Belə ki, ƏMH kompleksi normalarını qəbul etmək məqsədilə 20 mart 1979-cu ildə rektorun 3 saylı əmri ilə ƏMH komissiyası yaradılmışdı.

     

1981-ci ildə Bakı şəhərində keçirilən ali məktəblərin I spartakiadasında idmançılarımız fəal iştirak etmişlər. Elə həmin ilin noyabr ayının 17-də sərbəst güləş komandası APİ-nin 60 illik yubleyinə həsr olunmuş sərbəst güləş yarışlarında müvəffəqiyyətlə çıxış etmişdir.

     

10 noyabr 1981-ci ildə idmanın kütləviliyini artırmaq məqsədilə institutda tərkibi 15 nəfərdən ibarət olan yeni ƏMH komissiyası yaradılmış, bu komissiyanın sədri tədris işləri üzrə prorektor Q. Mustafayev olmuşdur. Rektorun 18 fevral 1984-cü il tarixli 20 saylı əmri ilə 18-25 fevral ƏMH həftədi elan edilmişdir. 1980-90-cı illərdə institutun güləş, cüdo, yüngül atletika, voleybol komandaları mütəmadi olaraq Azərbaycan Respublikası ali məktəb tələbələrinin respublika birinciliklərində və Naxçıvan Muxtar Respublika birinciliklərində iştirak etməklə yanaşı, bir sıra ümumittifaq turnirlərində də iştirak etmişlər. belə ki, institutun voleybol komandası 1981-ci ilin may ayında Qazaxıstanın Pavlodar şəhərində keçirilən ümumittifaq turnirində (məşqçi: Ə. Həsənov), 1987-ci ildə isə Moldova Respublikasının Belça şəhərində pedaqoji institutların Ümumittifaq turnirində iştirak etmişlər. İnstitutun güləş komandası 1989-cu ildə Kiyev şəhərində keçirilən beynəlxalq turnirdə iştirak etmişdir (məşqçi: M. Rəhimov).

   

Universitetin tələbəsi Qənbərov Azər Asəf oğlu 1987-ci ildə Sovet İttifaqı qüəhramanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə yüksək nəticə göstərmiş və SSRİ idman ustası normasını yerinə yetirmişdir

 

Respublikamız müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi fiziki tərbiyə sahəsində də yenidənqurma yeni forma və məzmun kəsb etməyə başladı. Naxçıvan Dövlət Universitetində bu yeniləşmə prosesinin müsbət nəticələri 2000-ci illərdən öz bəhrəsini verdi. 1995-ci ildə mühəndis-pedaqoji fakültəsinin tərkibində “Fiziki tərbiyə və ilkin hərbi hazırlıq” ixtisasının və 1997-ci ildə “Bədən tərbiyəsi və idman” ixtisasının açılması həm universitetdə idman işinin yaxşılaşmasına, həm də MR üçün fiziki tərbiyə mütəxəssislərinin hazırlanmasına xeyli köməklik göstərdi. Naxçıvan Muxtar Respublikası rəhbərliyinin diqqət və qayğısı sayəsində universitetdə idmanın bazasının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər,  universitet stadionunun, açıq idman bazasının, müasir tipli Universitet Olimpiya Mərkəzinin tikilib- istifadəyə verilməsi idmanın inkişafında yeni mərhələnin əsasını qoydu.

     

İndi universitetdə hər il orta hesabla 60-70 nəfər yüksək ixtisaslı bədən bədən tərbiyəsi mütəxəssisi hazırlanır. Universitetimizdə indi həm də qonşu türkiyə cimhiriyətindən də tələbələr fiziki tərbiyə mütəxəssisi kimi hazırlanır.

     

Tədricən qonşu Türkiyə və İran İslam Respublikasının universitetləri ilə əlaqələr yaradıldı. Belə ki, 2002-ci ildə universitetin futbol və voleybol komandaları Qars Qafqaz universitetinin idmançıları ilə yoldaşlıq görüşləri keçirmiş, həm Türkiyədə və həm də Naxçıvanda qalib gəlmişlər. 2003-cü ildə futbolçularımız İran İslam Respublikasının Təbriz Universiteti idmançıları ilə yoldaşlıq görüşü keçirmiş və 7:1 hesabı ilə qalib gəlmişlər. bu dövrdə universitetin tələbələri Respublikanın yığma komandalarının tərkibində müxtəlif beynəlxaq miqyaslı yarışlarda iştirak etmiş və mükafata layiq yerlər tutmuşlar. Universitetin tələbəsi Əsgərov Əli 2005-ci ildə Almaniyada keçirilən ağırlıqqaldırma üzrə dünya birinciliyində gümüş mükafata layiq görülmüşdür. 2007-ci ildə Muradov Xəyal Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirsəinə həsr olunmuş beynəlxalq boks turnirində II yerə çıxmışdır. 2007-ci ildə İran İslam Respublikasında keçirilən beynəlxalq turnirlərdə cüdoçulardan Bağırlı Babək II, Kərimov Əli III mükafatçı, sərbəst güləşənlərədən Məmmədov Elvin, Məmmədov Hüseyin, və Muradov Nurlan isə turnirin qalibi olmuşdur. 2006-cı ildə Əliyev Ramal sambo güləşi üzrə Azərbaycan çempionu olmuş və Moskva şəhərində keçirilən Dünya birinciliyində iştirak etmişdir.

     

2000-2007-ci illərdə universitet idmançıları respublika yarışlarında da müvəffəqiyyətlə çıxış etmişlər. Belə ki, universitetin qızlardan ibarət Badminton komandası 2004, 2006, 2007-ci illərdə Azərbaycan Ali məktəb tələbələrinin respublika birinciliklərinin qalibi olmuşlar (məşqçi: M. H. Rəhimov). Cüdo komandası iki dəfə respublika Universiadasında III yerə çıxmış, komandanın üzvü Azər Fətullayev 2001-ci ildə şəxsi birincilikdə çempion olmuş, Tələbələrin Dünya Universiadasında Pekin şəhərində iştirak etmiş və mükafatçılar sırasına düşmüşdür (məşqçi: C. Rəhimov). Sərbəst güləş komandası 2004-2005-ci illərdə Ali məktəb tələbələrinin respublika çempionatında ümumi komanda hesabında ikinci mükafatçı olmuş, komanda üzvlərindən Əliyev Məmməd II və Məmmədov Hüseyin II yerə çıxmışlar (məşqçi: E. B. Həsənov).

     

Bu dövrdə universitetin boksçuları da ali məktəb tələbələrinin birinciliyində müvəffəqiyyətli çıxışlar etmişlər. 2005-ci il çempionatında universitet komamdası III yerə çıxmış, komandanın üzvlərindən Əsgərov Teymur turnirin qalibi olmuş, Əliyev Məmməd II, Xudadanov Aftandil III mükafata layiq görülmüşlər.

     

Universitetin idmançıları Naxçıvan Muxtar Respublika yarışlarında da fəal iştirak edirlər. Belə ki, 2000-2007-ci illər ərzində keçirilən MR birinciliklərində cüdo, sərbəst güləş, atletika komandaları ümumi komanda hesabında həmişə birinci olmuşlar. Universitetin “Universitet” futbol komandası 2003-cü ildə keçirilən çempionatda II yer, super kubokun sahibi, 2004-cü ildə I yer, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 80 illik yubileyinə həsr edilmiş turnirin qalibi, 2005-ci ildə I yer, MR kubokunun qalibi, 2006-cı ildə II yer, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev kubokunun sahibi, 2007-ci ildə Aərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə turnirinin qalibi olmuşlar (məşqçi: Y. Vəliyev).

     

İndi universitetdə tələbələrin fiziki tərbiyəsi ilə məşğul olan “Fiziki tərbiyə və İdman oyunları”, “Bədən tərbiyəsi və idman” kafedraları və “Tələbə idman klubu” fəaliyyət göstərir. Fiziki tərbiyə ilə məşğul olan müəllim və məşqçilərin əməyi universitet rektorluğu tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 30 mart 2001-ci il tarixdə Elmi Şuranın 7 saylı qərarı ilə universitetin baş müəllimi, “Cüdo” komandasının məşqçisi Rəhimov Məmmədəli Həmzə oğlu komandanın Ali təhsil məktəblərinin respublika Universiadasındakı uğurlu çıxışına görə “Fəxri fərmanla” təltif edilmişdir.

     

Bundan əlavə, sərbəst güləş komandasının məşqçisi E. Həsənova, voleybol komandasının məşqçisi N. Əliyevə, futbol komandasının məşqçisi Y.Vəliyev rektorluq tərəfindən dəfələrlə təşəkkür elan edilmişdir. Universitetin baş müəllimi M.H.Rəhimov Azərbaycan Respublikası Tənsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi “ döş nişanı ilə, baç Müəllim Y.N.Vəliyev isə Muxtar respublikanın “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif edilmişlər .

       

Hər il sentyabr-oktyabr aylarında Naxçıvan Dövlət Universitetinin I kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə üzrə seçmə yarışlar keçirilir. Bu yarışların məqsədi universitet fakültələrinin rəhbərlərinin diqqətini universitet tələbələrinin fiziki tərbiyəsinə yönəltmək və istedadlı tələbələri universitetdə fəaliyyət göstərən idman məşğələlərinə cəlb etməkdən ibarətdir. Bu yarışlarda həm də fakültələrin müxtəlif yarışlarda tutduğu yerlər müəyyənləşdirilir. Məsələn, 2013-2014-cü tədris ilində fakültələrin süçmə yarışlarda tutduğu yerlər cədvəl № 1-də göstərildiyi kimi olmuşdur. Eyni zamanda hər iki ildən bir NDU-də universiada, iki ildən bir isə çempionat keçirilir. Bu yarışlarda isə məqsəd müxtəlif idman növləri üzrə fakültələrin tutduğu yerləri müəyyənləşdirmək və yığma komandaları bacarıqlı idmançılar hesabına kompleksləşdirməkdən ibarətdir.

    

2015-ci il də idmançılarımız üçün uğurlu başlanğıcla başlamışdır. Bu il universitetin I kurs tələbəsi Əliyev Tayfur Nəriman oğlu  boks üzrə Azərbaycan çempionu olmuş, Həsənzadə Toğrul Qasım oğlu  isə Azərbaycan Respublikası Ali Məktəblərinin XII Respublika Universiadasında şahmat üzrə 51 iştirakçı arasında müvəffəqiyyətlə çıxış edərək V yeri tutmuşdur.

  

İndiyə qədər Naxçıvan Dövlət Universitetində tələbələrin fiziki tərbiyə işi əsasən iki istiqamətdə aparılırdı. Bunlardan biri məcburi dərs forması, digəri isə dərsdənkənar idman məşqləri formasında idi. Bu ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmrinə əsasən Azərbaycan Respublikasının bütün ali məktəblərində olduğu kimi Naxçıvan Dövlət Universitetində də fiziki tərbiyənin məcburi dərs forması ləğv edilmiş və tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanmışdır. Bunun üçün universitetdə əmək haqqı ödənilmək şərtilə idman klubu yaradılmış və 13 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilmişdir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir

  

Hər il sentyabr-oktyabr aylarında Naxçıvan Dövlət Universitetinin I kurs tələbələri arasında idmanın müxtəlif növləri üzrə üzrə seçmə yarışlar keçirilir. Bu yarışların məqsədi universitet fakültələrinin rəhbərlərinin diqqətini universitet tələbələrinin fiziki tərbiyəsinə yönəltmək və istedadlı tələbələri universitetdə fəaliyyət göstərən idman məşğələlərinə cəlb etməkdən ibarətdir. Bu yarışlarda həm də fakültələrin müxtəlif yarışlarda tutduğu yerlər müəyyənləşdirilir. Məsələn, 2013-2014-cü tədris ilində fakültələrin süçmə yarışlarda tutduğu yerlər cədvəl № 1-də göstərildiyi kimi olmuşdur. Eyni zamanda hər iki ildən bir NDU-də universiada, iki ildən bir isə çempionat keçirilir. Bu yarışlarda isə məqsəd müxtəlif idman növləri üzrə fakültələrin tutduğu yerləri müəyyənləşdirmək və yığma komandaları bacarıqlı idmançılar hesabına kompleksləşdirməkdən ibarətdir.