Sayt xəritəsi

UNİVERSİTET HAQQINDA



UNİVERSİTETİN İNKİŞAF YOLU

Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlamışdır.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialına 1967-ci ildə 3   ixtisas üzrə 102 nəfər tələbə qəbul olunmuşdur. Naxçıvan filialında birinci il cəmi 3 nəfər ştatda olan müəllim çalışırdı.


1972-ci ildə ADPİ-nin Naxçıvan filialının bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmışdır. Azərbaycan SSR Nazirlər Kabinetinin 29 dekabr 1990-cı il tarixli qərarı ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Dövlət Universitetinə  çevrilmişdir.


Müxtəlif illərdə Naxçıvan Dövlət Universitetinə tarix elmləri namizədi, dosent Əli Əliyev (1904-1997), coğrafiya elmləri namizədi, dosent Səfərəli Babayev (1923-2003), texnika elmləri doktoru, professor İsrafil Məmmədov (1924-1995), tarix elmləri doktoru, professor İsak Məmmədov (1925-2011), kimya elmləri doktoru, professor Qasım Hüseynov (1940), AMEA-nın həqiqi üzvü, akademik İsa Həbibbəyli (1949)rəhbərlik etmişlər. Hazırda biologiya elmləri doktoru professor Saleh Məhərrəmov (1965) Naxçıvan Dövlət Universitetinin rektorudur.


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif vaxtlarda (1974, 1992 və 1999-cu illərdə) 4 dəfə Naxçıvan Dövlət Universitetində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının və Konservatoriyasının açılışında iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov universitetin inkişafına daim böyük qayğı göstərir.


Hazırda Naxçıvan Dövlət Universitetində 12 fakültədə 58 ixtisas üzrə bakalavr, 43 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı həyata keçirilir. Ümumilikdə universitetdə 6 min nəfərə yaxın tələbə təhsil alır. Tələbələr sırasında 12 ölkədən 300 nəfərdən çox xarici vardır.


Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər arasında akademik, elmlər doktoru və fəlsəfə doktorlarının sayı durmadan artır. Universitetdəki «Regionun inkişafı problemləri» laboratoriyasında qədim diyarın tarixi, mədəniyyəti və iqtisadiyyatı öyrənilir. Bu ali təhsil ocağında fəaliyyət göstərən «Heydər Əliyev Universiteti» müasir gəncliyin milli dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyətə malikdir.

 
 

Naxçıvan Dövlət Universitetinin 108 hektarlıq ərazisində 16 tədris korpusu,  Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Universitet Xəstəxanası, Olimpiya idman mərkəzi, 2 stadion, Baytarlıq Təbabəti klinikası və müasir tipli Tələbə evi yerləşir. Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün 3 mərtəbəli sosial xidmət mərkəzi, müasir tipli universitet qonaq evi tikilərək xidmət üçün açılmışdır.

 

Universitetdə 3 internet mərkəzi, “Qeyrət” nəşriyyatı, Media mərkəzi, televiziya studiyası (UTV), «Elmi əsərlər» jurnalı, «Yeni fikir» qəzeti, “Nuhçıxan radiosu” və bir neçə muzey fəaliyyət göstərir. Universitetin «Elmi əsərlər» jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş və beynəlxalq kod almışdır. Naxçıvan Dövlət Universitetində 100 Mb sürətə malik internet şəbəkəsindən istifadə olunur.


Naxçıvan Dövlət Universiteti Amerika Birləşmiş Ştatları, İngiltərə, Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Cənubi Koreya, Rusiya, Türkiyə, Misir Ərəb Respublikası, Pakistan, İran, Özbəkistan və digər ölkələrin ali məktəbləri ilə geniş əlaqələrə malikdir.


2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan  Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində Naxçivan Dövlət Universiteti 799 balla Azərbaycan Ali Təhsil Müəssisələri içərisində Birinci Yerə layiq görülmüşdür.  

 
 

Tədris prosesini Avropa standartları və Azərbaycan təhsil qanunvericiliyinə uyğun quran universitetdə  2015-2016-cı tədris ili daha yaddaqalan olmuşdur.  Cənubi Koreyanın KOICA təşkilatı ilə birlikdə Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrakstrunun yaradılması” layihəsinin açılış mərasiminin keçirilməsi və Elektron Universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə  və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşmüşdür. Elektron təhsil, Onlayn Sənəd dövriyyəsi, Akademik İdarəetmə və s. kimi təhsilinin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet nəinki təhsilin elektron vasitələrlə həyata keçirilməsini, eyni zamanda elektron imtahanları da əhatə edir.

 

Naxçıvan Dövlət Universitetinin kitabxanası ölkədə ayrıca korpusda yerləşən yeganə ali məktəb kitabxanasıdır. 200 minə yaxın kitabxana fondu olan kitabxanada “PROLİB” avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi vasitəsilə  bu günədək 3500 adda 30.000 sayda kitabın elektron kataloqu yazılmış, 5000-dən artıq kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilmişdir.

 

Yeni nəsil gəncliyin hərtərəfli inkişafını təmin etmək üçün Naxçıvan Dövlət Universitetində yaradılmış Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə turizm assosiasiyası, Tələbə informasiya mərkəzi, Tələbə teatr və opera studiyaları, xor, vokal və rəqs qrupları, İdman klubu səmərəli fəaliyyət göstərir. Ali təhsil ocağının tələbə təşkilatları universitetdə tələbələrin yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, dünyagörüşünün, təşkilatçılıq qabiliyyətlərinin daha da inkişaf etdirmələrinə, asudə vaxtlarının səmərəli təşkilinə geniş imkan yaradır.


Naxçıvan Dövlət Universitetinin SİFE komandası Azərbaycan çempionu kimi ABŞ-ın Los-Angeles şəhərində və Malayziyada dünya birinciliyində iştirak etmişdir. Bundan başqa, universitetin hazırladığı «Arşın mal alan» operettası Rusiyanın Novosibirsk şəhərində, Türkiyə Cümhuriyyətinin Ərzurum, Samsun, Qars, Ərdəhan, Qara Dəniz Texniki Universitetlərində, Gürcüstan Respublikasının Axaltsixi Universitetində uğurla nümayiş etdirilmişdir. Ali təhsil ocağının futbol komandası ölkəmizin ali məktəblərinin birinciliyində çempionluq qazanaraq Azərbaycanı Ukraynada və Polşada təmsil etmişdir.

Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində, elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Universiteti 2009-cu ildə Avropa Rektorlar Klubu tərəfindən «Minilliyin Universiteti» adına layiq görülmüşdür.

 

Naxçıvan Dövlət Universiteti Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək yolu Universitet Rektorları Cəmiyyətinin və Qafqaz Universitetlər Birliyinin üzvüdür. Beynəlxalq təşkilatlarla əlaqələr Naxçıvan Dövlət Universitetində tədris prosesində və elmi-tədqiqat işlərinin təşkilində, habelə idarəetmədə dünya təcrübəsindən yaradıcı şəkildə faydalanmağa imkan yaradır.

 

Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı üzrə 8 beynəlxalq layihənin iştirakçısıdır. Bundan başqa, Naxçıvan Dövlət Dövlət Universitetində Erasmus-Mundus proqramı əsasında tələbə mübadiləsi həyata keçirilir. İndiyədək 30-a yaxın tələbə bu mübadilə proqramı çərçivəsində Avropanın tanınmış universitetlərində təhsil almışlar.

 

İndiyədək Naxçıvan Dövlət Universitetinin 40 minə yaxın məzunu olmuşdur. Məzunlar arasında yüksək vəzifəli dövlət adamları, deputatlar, ali rütbəli hərbçilər, görkəmli elm xadimləri vardır.

 

Naxçıvan Dövlət Universitetinin 25 illik, 30 və 40 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur.

 

Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali məktəbdir. Dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu davam etdirməkdədir.