Sayt xəritəsi

ELM VƏ TƏHSİL



TƏDRİSİN TƏŞKİLİ

 
  1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.

  2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Beləliklə, tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanması və müdafiəsi, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlıq, imtahanın verilməsi və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
  3. Tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı 4 fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla  hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərti ilə fənn(lər) də seçməyə icazə verilir.

  4. Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlərin ən azı 70%-i eyni olduğu halda) əlavə təhsil almaq məqsədilə ödənişli əsaslarla müvafiq ixtisasların fənn(lər)ini seçmək hüququ da verilir. Bu qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.


  5. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

    1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə;
    2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə;
    3.  tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə;


  6. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır.

  7. Kredit sistemində ali təhsil müəssisəsi tərəfindən ixtisasın (ixtisaslaşmanın) təhsil proqramı, ixtisasın (ixtisaslaşmanın) tədris planı (forma 1) və ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki (forma 2) hazırlanaraq müvafiq qurumlara, tələbənin fərdi tədris planı (forma 4) tələbələrə və tədris yükünü müəyyən edən müəllimin illik işçi tədris planı (forma 5) müəllimlərə verilir, eləcədə ali təhsil müəssisəsinin saytında yerləşdirilir.

  8. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planları hazırlanır. Tələbələrin fərdi tədris planları müəyyən olunmuş forma üzrə (forma 4) onların özləri tərəfindən tərtib olunur. Bu zaman akademik məsləhətçisinin (tyutor) köməyindən də istifadə oluna bilər.  Tələbələrin fərdi tədris planları tərtib edilərkən ali məktəb  tələbələrə həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planları tərtib olunarkən buraya ilk növbədə bir qayda olaraq əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir.


  9. İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı (forma 1), tədris qrafiki (forma 2) və tələbələrin fərdi tədris planları (forma 4) əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır.  Müəllimlərin illik işçi tədris planı (forma 5) ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris qrafiki (forma 2)  və tələbələrin fərdi planları əsasında hazırlanır.
  10. Tələbə fənni növbəti dəfə götürdüyü zaman həmin fəndən dərslərdə iştirak etməklə fənnə qoyulan tələbləri tam yerinə yetirməlidir.Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 ildə toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər olunan bəzi peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir və həmin kreditləri bu Qaydaların tələblərinə uyğun yenidən yığmalıdır.

  11. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada 90 və ya 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
  12. Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçənlərin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeyd olunma ardıcıllığına görə müəyyənləşdirilir.
  13. Ali təhsil müəssisələrində fənn və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədilə dərs cədvəli fənlər üzrə (müəllim göstərilməklə) tərtib olunur (Forma 6).

  14. Ali təhsil müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planlarının əsasında hazırlanaraq mövcud qaydada tərtib və təsdiq edilir.
  15. Sərbəst işlərin yoxlanılması və qəbulu dərsdənkənar vaxtda həyata keçirilməlidir.

  16. Üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır.