Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ ŞƏHİDİMİN SON ARZUSU ADLI ƏDƏBİ-BƏDİİ KOMPOZİSİYA KEÇİRİLİB

03.11.2017

Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsiylə  “Jurnalistika və Dünya Ədəbiyyatı kafedrasının birgə hazırladığı mayor Rasim Məmmədova həsr olunmuş  “Şəhidimin son arzusu” adlı ədəbi-bədii kompozisiya keçirilib. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şəhid Rasim Məmmədov haqda videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi  qorumalı olduğumuzu vurğulayıb. Qeyd edilib ki, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquqi müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu  gün rahat və firavan yaşayırıqsa bütün bunlar vətən uğrunda canını belə əsirgəməyən qəhrəman, mərd vətən övladlarının sayəsindədir. Rektor Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsini, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsini tövsiyə edib.

Mətbuat Şöbəsinin Müdiri, Jurnalistika və Dünya Ədəbiyyatı Kafedrasının müdiri Səadət Əliyeva  ordumuzun aprel döyüşlərində qazandığı qələbədən və bugünkü qüdrətindən bəhs edib. Şəhid Rasim Məmmədovun keçdiyi şərəfli ömür yoluna nəzər salınıb.

Şəhidin ailə üzvləri, əsgər yoldaşı şəhid haqda xatirələrini paylaşıblar. Dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğıya görə minnətdarlıq ediblər.  Tədbir İncəsənət fakültəsi tələbələrinin ifası, Jurnalistika ixtisası tələbələrinin bədii qiraəti ilə davam edib.