Sayt xəritəsi

XƏBƏRLƏR

“HƏKİMLƏRİN ETİK DAVRANIŞLARI”

06.11.2017

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə “Həkimlərin etik davranışları” mövzusunda konfrans keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov konfransı giriş  sözü ilə açaraq muxtar respublikada səhiyyənin müasir vəziyyəti və inkişafı istiqamətində görülən tədbirlərdən danışıb.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Tibb fakültəsi: tələbələr və həkim deontologiyası” adlı məruzəsində bildirib ki, əhalinin sağlamlığının qorunması dövlətin öz vətəndaşlarına göstərdiyi xüsusi qayğısından irəli gəlir. Bunun həyata keçirilməsində həkimin, onun peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin rolu böyükdür. Buna görə də həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onların ictimai etimadının yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir.

“Həkimlərin etik davranış qaydaları” adlı məruzə ilə çıxış edən Naxçıvan MR Səhiyyə Nazirliyinin Kadrlar şöbəsinin rəisi Səmayə İbrahimova qeyd edib ki, bu il iyunun 29-da Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin əmri ilə “Həkimlərin etik davranış qaydaları” təsdiq edilərək  icraya götürülüb və bu qaydalar səhiyyə qanunvericiliyini, insan hüquqlarını, demokratik prinsipləri və ümumi etik davranışları rəhbər tutur. Odur ki, həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır.

Naxçıvan MR Tibbi-Psixi Dispanserin baş həkimi Rəşadət Nabatov “Tibbi etika: qayda və prinsiplər” və universitetin Müalicə işi ixtisası üzrə VI kurs tələbəsi Əminə Seyidzadə “Həkim-xəstə və həkim-cəmiyyət arasındakı münasibətlərdəki etik münasibətlər” mövzularında məruzə ediblər. Vurğulanıb ki, həkim-xəstə münasibətləri həkimlik etikası və bioetikanın başlıca problemidir. Həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, xeyirxahlığı, xəstəyə fərdi yanaşması, xəstələrin müalicəsi və diaqnostikasında kliniki və deontoloji əsaslandırması müalicənin mühüm şərtləri sırasındadır.

Konfransın sonunda universitet tərəfindən Naxçıvan MR Tibbi-Psixi Dispanserin baş həkimi Rəşadət Nabatova və tələbələrə sertifikatlar təqdim olunub.