Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

06.11.2017

Tələbə və elm işçilərinin beynəlxalq mübadiləsi ilə məşğul olan və bu sahədə dünyanın ən böyük təqaüd təşkilatı sayılan Alman Akademik Mübadilə Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Universitetində olublar. Beynəlxalq münasibətlər və Xarici dilllər fakültəsində təşkil olunan görüşdə qonaqları salamlayan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov mərkəzin fəaliyyətinin önəmini və əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib.

Xidmətin Bakı Məlumat Mərkəzinin direktoru Stefani Düfo vurğulayıb ki, Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərən qurum dünyada 60-dan artıq ölkədə 15 xarici nümayəndəlik, 56 məlumat mərkəzi və 500-dən artıq lektor və dil mütəxəssisləri ilə təmsil olunur. Alman Akademik Mübadilə Xidmətinin əsas fəaliyyəti tələbələrin və elmi işçilərin mübadiləsi ilə Almaniyanın xarici ölkələlərlə akademik münasibətlərinin dəstəklənməsidir. Xidmətin Bakı Məlumat Mərkəzi regionlarda yerləşən ali təhsil müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Əvvəlki layihələrdə təkcə alman dili ixtisaslarında oxuyan tələbələrə üstünlük verilirdisə, bugün artıq layihə çərçivəsində ingilis dilli təhsil proqramlarına da yer verilir. İl ərzində tələbələr və müəllimlər üçün müxtəlif mövzularda seminarlar və yay məktələri təşkil edən Bakı Məlumat Mərkəzi tərəfindən təqaüdlü təhsil proqramları da irəli sürülür.

Sonda tələbələrin mərkəzin iş prinsipi ilə əlaqədar sualları cavablandırılıb, mərkəzin fəaliyyətini dolğun əks etdirən broşürlər paylanılıb.