Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ KİTABXANASINDA 9 NOYABR-DÖVLƏT BAYRAĞI GÜNÜ MÜNASİBƏTİLƏ DƏYİRMİ MASA KEÇİRİLİB

08.11.2017

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğunu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı qeyd edib. Azərbaycanın müstəqillik rəmzi olan Dövlət Bayrağının ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranması tarixindən danışıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin iradəsi ilə ilk dəfə 1990-cı il noyabrın 19-da Naxçıvan Ali Sovetinin iclas zalına üçrəngli bayrağımız təntənə ilə gətirilib və dövlət bayrağı kimi təqdim olunub.

Universitetin Elmi şurasının elmi katibi, dosent Elçin Zamanov dövlət bayrağımızın uca tutulması istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamları dövlət atributumuza olan yüksək ehtiramın təzahürü kimi qiymətləndirib.

Tarix-filologiya fakültəsinin dekanı, dosent Rəsul Bağırov  çıxışında vurğulayıb ki, dövlət bayrağı hər bir Azərbaycan vətəndaşı üçün müqəddəsdir və bu müqəddəslik nəsildən-nəsilə, əsrdən-əsrə keçərək öz əhəmiyyətini tarix boyunca saxlayır.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Tələbələrin bayrağa həsr olunmuş şeirləri, dövlət rəmzlərinin təbliği istiqamətində tələbə-gənclər arasında aparılacaq  tədbirlərlə bağlı fikir və təklifləri səsləndirilib.

Dəyirmi masada Dövlət bayrağımıza həsr olunmuş videoçarx da nümayiş olunub.