Sayt xəritəsi

XƏBƏRLƏR

TƏLƏBƏLƏR TƏCRÜBƏDƏ OLUBLAR

13.11.2017

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin  Baytarlıq ixtisası üzrə 2 müəllim və 10 tələbədən ibarət 12 nəfərlik heyəti 29 oktyabr-04 noyabr 2017-ci il tarixində  Türkiyənin Ərzurum-Atatürk Universitetinin Baytarlıq fakültəsində klinik təcrübə və dərslərdə iştirak edib. Məlum olduğu kimi  Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələri sürətlə inkişaf etməkdədir. Naxçıvan Dövlət Universitetinin Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Rusiya, Macarıstan, Misir Ərəb Respublikası, Pakistan İslam Respublikası, Cənubi Koreya Respublikası, Çin Xalq Respublikası,  Avstriya və digər ölkələrin universitetləri daxil olmaqla dünyanın 80-dən çox ali təhsil ocağı ilə  əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum-Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub və qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Həmçinin universitetimiz, iştirakçısı olduğu TEMPUS və ERASMUS+ layihələri çərçivəsində bakalavriat, magistratura, doktorantura,doktoranturadan sonrakı və akademik təhsil pillələri üzrə dünya universitetləri ilə uğurlu əməkdaşlığa malikdir.


29 oktyabr-04 noyabr tarixlərini əhatə edən təcrübə müddətində tələbələr Ərzurum-Atatürk Universitetinin Baytarlıq klinikasında olub, burada heyvanların üzərində aparılan cərrahiyyə əməliyyatlarında, heyvanların süni mayalandırılması prosesində, heyvanlarda müxtəlif xəstəliklərin aşkarlanması və diaqnozların qoyulmasında iştirak ediblər. Şərqi-Anadolu Yüksək Texnoloji tətbiq və araşdırma mərkəzi (DAYTAM) ilə tanış olan müəllim və tələbələrə buradakı ən müasir aparatlar və funksiyaları haqqında geniş məlumat verilib. Bir həftə davam edən praktiki və nəzəri kurs tələbələrimiz üçün zəngin təcrübə mənbəyi olub, maraqlı təəssüratlar yaradıb. Səfər çərçivəsində Ərzurum şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyilar da təşkil olunub.