Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ KLİNİKİ XƏSTƏXANASINDA “14 NOYABR-ÜMUMDÜNYA DİABET GÜNÜ”NƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLİB.

14.11.2017

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq bu günün tarixindən danışıb. Rektor bildirib ki, Diabet Gününün qeyd edilməsində məqsəd qlobal problem olan şəkərli diabet xəstəliyi ilə mübarizənin yollarını müzakirə etmək və xəstəliyə qarşı maarifləndirmə işləri aparmaqdan ibarətdir. Rektor çıxışında ölkəmizdə səhiyyəyə göstərilən dövlət qayğısından, şəkərli diabetlə bağlı görülən işlərdən və bu xəstəliyin müalicəsində əldə olunan son nailiyyətlərdən də söhbət açıb.

Tibbi klinik kafedrasının dosenti, universitetin Kliniki Xəstəxanasının baş həkimi Elmar Rzayev “Şəkərli diabet” adlı məruzəsində statistik rəqəmləri diqqətə çatdıraraq bildirib ki, hazırda dünyada 415 milyona yaxın şəkərli diabet  xəstəsi  olduğu halda 2040-cı ildə bu sayın 642 milyon olması ehtimal edilir. Azərbaycanda isə 2016-cı il üçün son hesablamalara əsasən 212 577 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir. Həmçinin vurğulanıb ki, bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmasa, çox ciddi fəsadlar törədə bilər.

Əczaçılıq və stomatologiya kafedrasının müdiri, dosent Bəhruz Məmmədov “Şəkərsiz diabet” mövzusunda çıxış edərək xəstəliyin əmələ gəlmə səbəbləri, əlamətləri və müalicəsi haqqında məlumat verib. Bildirilib ki, şəkərsiz diabet xəstəliyi şəkərli diabetlə müqayisədə nadir hallarda rast gəlinir.

Tədbirdə mövzuya aid videoçarx nümayiş olunub, diabetlə mübarizədə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə, 14 noyabr tarixi Dünya Diabet Günü kimi qeyd edilir. BMT-nin Baş Məclisinin 2006-ci il dekabrın 20-də qəbul etdiyi qətnaməyə əsasən Dünya Diabet Günü 2007-ci ildən başlayaraq BMT-nin rəsmi günü elan edilib.