Sayt xəritəsi

XƏBƏRLƏR

“NAXÇIVANDA SOSİAL İŞİN İNKİŞAFI” MÖVZUSUNDA KONFRANS

27.11.2017

Naxçıvan Dövlət Universitetində “Naxçıvanda Sosial işin inkişafı” mövzusunda konfrans keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ölkəmizin sosial-iqtisadi inkişafından danışıb. Vurğulanıb ki, banisi ümummilli lider Heydər Əliyev olan Azərbaycan dövlətinin əsas məqsədlərindən biri əhalinin rifahını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş sosial rifah dövləti mərtəbəsinə yüksəltmək olub. Vurğulanıb ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasi və iqtisadi strategiyanın müvəffəqiyyətlə davam etdirilməsi bu gün bütün sahələrdə sürətli inkişafa nail olmağa imkan verib.

Universitetin Əhalinin Sosial Müdafiəsi  ixtisası üzrə I kurs magistrı, Sosial işçi Ayxan Qəhrəmanov “Sosial iş nədir və Azərbaycanda Sosial işin yaranışı” mövzusunda məruzə edərək bildirib ki, Sosial işin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların problemlərinin həllində yardımçı olmaq, onların cəmiyyətə inteqrasiyasını bərpa etmək və sosial siyasətin hazırlanmasında iştirak etməkdir. Məruzədə ölkəmizdə bu sahədə aparılan islahatlardan bəhs olunub.

“Naxçıvan Muxtar Respublikasında Sosial siyasətin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda çıxış edən universitetin Sosial iş ixtisası üzrə III kurs tələbəsi Ərşad Zeyqəmli qeyd edib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra köməyə ehtiyacı olan insanlara yardım göstərilməsinə xüsusi zərurət yaranıb. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ardıcıl və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi nəticəsində sözügedən problemlərin aradan qaldırılmasında irəliləyişlərə nail olmaq mümkün olub. Sosial sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun, bir sıra digər dövlət və özəl müəssisə və təşkilatların fəaliyyət göstərməsi ölkəmizdə bu sahəyə böyük diqqət və qayğının göstəricisidir.

Sosial iş ixtisası üzrə I kurs tələbəsi Murad Mürsəlli “Sosial siyasət insan hüquqlarının müdafiə mexanizmi kimi” və II kurs tələbəsi Nərmin Abbaslı “Naxçıvan Muxtar Respublikasında Sosial işin təşkili”adlı məruzələrdə ölkəmizdə və muxtar respublikada insan hüquqlarının müdafiəsi, sosial qayğıya ehtiyacı olan vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar.