Sayt xəritəsi

XƏBƏRLƏR

“1 DEKABR ÜMUMDÜNYA QİÇS-LƏ MÜBARİZƏ GÜNÜ” NƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

30.11.2017

Naxçıvan Dövlət Universitetində “1 dekabr Ümumdünya QİÇS-lə mübarizə günü” nə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, 1988-ci ildə əhalinin immun çatışmazlığı ilə əlaqədar keçirilmiş dünya ölkələrinin səhiyyə nazirlərinin sammitindən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BMT-nin dəstəyi ilə hər il dekabrın 1-ni Ümumdünya QİÇS-lə Mübarizə Günü elan edib. Vurğulanıb ki, bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva bildirib ki, QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir.  Azərbaycanda QİÇS-ə yoluxma səviyyəsinin göstəricisi digər ölkələrlə müqayisədə aşağıdır və bu problem daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Muxtar Respublikada səhiyyəyə göstərilən dövlət qayğısı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi, Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə Mübarizə və Profilaktika (QİÇS) Mərkəzi üçün ayrıca binaların tikilməsi Muxtar Respublikada səhiyyəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Təməl tibb fənləri kafedrasının müəllimi Şəfiqə Süleymanova QİÇS törədiciləri, quruluşu, həyat tərzi, inkişaf mərhələləri adlı çıxışında “SPİD” adlandırdığımız qazanılmış immun çatışmazlığı sindromu olan QİÇS xəstəliyinin əlamətlərindən, yoluxma vasitələrindən, ümumiyyətlə xəstəliyi yayan səbəblərdən danışıb.

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə mərkəzinin bölmə müdiri Adil İbrahimov xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 2010-cu ildə Milli Məclisdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” qanunun muxtar respublikada uğurlu icrasıyla bağlı səhiyyədə görülən işlərdən danışıb.

QİÇS xəstəliyi: ötürülmə yolları, diaqnostikası, profilaktikası, müalicəsi adlı çıxışında Müalicə işi ixtisası üzrə V kurs tələbəsi Səkinə Bəhrəmli bildirib ki,  Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik  insanların HİV virusuna yoluxması ilə başlayır.  Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur.

Müalicə işi ixtisası üzrə VI kurs tələbəsi Nərmin Hüseynova Hamilə qadınlarda və yenidoğulmuşlarda İİV  mövzusunda çıxışında xəstəliyi  vaxtında aşkarlamaqla qarşısını almaq istiqamətində görüləcək işlərdən danışıb.

Konfrans mövzu ətrafında müzakirə və diskussiyalarla davam edib.

Qeyd edək ki, artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə Neft-Kimya İnstitunun tələbəsi olan Uqanda vətəndaşında aşkar edilib.