Sayt xəritəsi

XƏBƏRLƏR

QOTHOLD EFRAİM LESSİNQİN “EMİLİYA QALOTTİ” ADLI FACİƏSİ SƏHNƏYƏ QOYULUB

01.12.2017

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin səhnəsində  Qothold Efraim Lessinqin “Emiliya Qalotti” adlı  faciəsi tamaşaya qoyulub.

Beş pərdəli faciənin quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədova, elmi məsləhətçisi Azərbaycan Respublikasının Xalq Artisti Kamran Quliyevdir.

Tamaşada Qraf Appiani rolunda Aktyor sənəti ixtisası üzrə III kurs tələbəsi Məmməd Mehdiyev, Hetto Reqenzaqa rolunda Musiqişünaslıq ixtisası üzrə I kurs tələbəsi Fərid Qaybalıyev, Odoardo Qalotti rolunda Xalq çalğı alətləri ixtisası üzrə II kurs tələbələri Məhərrəm Nadirov, Emiliya Qalotti rolunda Tamara Ələsgərova çıxış ediblər.

Digər rollarda Musiqi müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Fəridə Əsədova, Aktyor sənəti ixtisasının tələbələri Nahid Eldarlı, Məmməd Mehdiyev, Vəfa Qurbanzadə, Adıgözəl Quliyev öz aktyoruluq qabiliyyətlərini nümayiş ediblər.

Fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova səhnəyə qoyulan tamaşanı universitetin 50 illik yubileyinə töhfə kimi dəyərləndirib. Bildirilib ki, çox kəskin realist bir dram olan "Emiliya Qalotti" faciəsi  dramaturqun yaradıcılığının zirvəsi sayılır. Vurğulanıb ki, faciəni Alman dilindən Azərbaycan dilinə Naxçıvanda yaşayıb-yaradan ziyalılarımızdan biri olan Həmid Arzulu tərcümə edib.  Həmid Arzulu həm də alman dilindən bədii tərcümə sahəsində geniş tədqiqat aparan və bu sahədə dissertasiya müdafiə edən ilk alimlərimizdən biridir.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çəkilən əziyyəti yüksək qiymətləndirib. Bildirilib ki, faciə ilk dəfədir Azərbaycan səhnəsində tamaşaya qoyulur. Vurğulanıb ki, tamaşada rol olan tələbələrin bir neçəsinin ilk səhnə fəaliyyəti olmasına baxmayaraq uğurlu çıxış kimi qiymətləndirmək olar. Rektor gələcəyin aktyorlarına yeni-yeni yaradıcılıq uğurları arzulayıb.