Sayt xəritəsi

XƏBƏRLƏR

“AİLƏ VƏ CƏMİYYƏT” MÖVZUSUNA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

01.12.2017

Naxçıvan Dövlət Universiteti Beynəlxalq Münasibətlər və xarici dillər fakültəsində  “Ailə və cəmiyyət” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ailənin cəmiyyətin inkişafındakı mühüm rolundan danışıb. Qeyd olunub ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ailə dəyərlərinin də daxil olduğu milli dəyərlərimizin qorunub-yaşadılması diqqət mərkəzində saxlanılıb.

Naxçıvan Müəllimlər İnstitunun rektoru, AMEA-nın müxbir üzvü,  pedaqogika üzrə elmlər doktoru Oruc Həsənli vurğulayıb ki, ailə dəyərləri hər zaman xalqımızın milli düşüncəsində ən yüksək yer tutub. Buna görə də uzaq keçmişdən ölkəmizdə ailənin qurulmasına mühüm hadisə kimi yanaşılıb, onun təməlinin möhkəm olmasına çalışılıb. Ümummilli liderin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir.

Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov ölkəmizdə ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan bir sıra qanunlardan danışıb.

Universitetin Azərbaycan tarixi kafedrasının tarix üzrə elmlər doktoru Sevinc Abbasova 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsində ailənin möhkəmləndirilməsi zərurəti, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulması, ailənin işlərinə kənar şəxslərin müdaxiləsinin yolverilməzliyi, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti və onların hüquqlarının maneəsiz həyata keçirilməsindən söhbət açıb.

Universitetin Fəlsəfə və sosial iş kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhməd bildirib ki,  hər bir fərd ailədə formalaşır və uşaqların sağlam düşüncəli, valideynlərə, böyüklərə sevgi və ehtiram, milli-mənəvi dəyərlərə bağlılıq ruhunda yetişməsində ailənin rolu çox böyükdür.

Sonra tədbir mövzu ətrafında diskussiya ilə davam etdirilib. Burada tələbə, müəllim və psixoloqların ailə, ailədaxili münasibətlər, kişi və qadının ailədəki funksiyaları və vəzifələri, uşaqların tərbiyəsi haqqındakı fikirləri dinlənilib.