Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ ƏDƏBİYYAT MUZEYİNDƏ OLUB

02.12.2017

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində olub.


Məlumat verilib ki, 50 il bundan əvvəl fəaliyyətə başlayan muzey böyük yazıçı və mütəfəkkir, “Molla Nəsrəddin” satirik jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin adını daşıyır. Görkəmli ədiblərimizin həyat və yaradıcılığının öyrənilməsi, elmi cəhətdən tədqiqi və təbliği sahəsində fəaliyyət göstərən muzeyin ekspozisiyasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixi ilə yaxından tanış olmaq mümkündür. Bu baxımdan muzeydə saxlanılan və nümayiş etdirilən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, kitablar, qəzet və jurnallar, xatirə əşyaları, Azərbaycan ədəbiyyatının yaradıcıları haqqında məlumatlar, onların əsərləri ədəbiyyatsevərlər və tədqiqatçılar üçün etibarlı mənbədir.


Ziyarətçilər  Azərbaycan ədəbiyyatının klassik və müasir nümayəndələrinin həyat və yaradıcılığını əks etdirən guşələrlə zəngin olan ekspozisiyada naxçıvanlı şair və yazıçıların yaradıcılıqları ilə də tanış olublar.