Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ RƏSSAMLARIN KİTAB TƏQDİMATI KEÇİRİLİB

15.12.2017

Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət kafedrasının müdiri Xalq rəssamı, professor Hüseynqulu Əliyev və həmin kafedranın müəllimi Ləman Məmmədovla birgə ərsəyə gətirdikləri “Heykəltəraşlıq və rəngkarlıqda insan gözəlliyinin təcəssümü” və “Təsviri sənət nəzəriyyəsi” adlı kitablarının təqdimetmə mərasimi olub.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov hər iki kitabın elmi əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, Naxçıvanda rəssamlığa göstərilən diqqət və qayğı nəticəsində artıq muxtar respublikada peşəkar rəssamlar nəsli yetişib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, deputat Həbibə Allahverdiyeva təcrübi sahənin üstünlük təşkil etdiyi rəssamlıqda nəzəriyyənin mühüm istiqamətlərindən danışıb. Qeyd olunub ki, hər iki dərs vəsaiti bakalavr, magistr, aspirant və tədqiqatçılar üçün, həmçinin incəsənət ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Təsviri incəsənət kafedrasının müəllimi Əlövsət Allahverdiyev vurğulayıb ki, Heykəltəraşlıq və rəngkarlıq insan gözəlliyinin təcəssümü adlı kitabda heykəltəraşlıq və rəngkarlıqda portret janrının xüsusiyyətləri, tendensiyalarından bəhs olunub. Kitabda insan gözəlliyi, onun qanunları, əsas anlayışları, istiqamətləri, məqsəd və vəzifələri inkişaf yollarından danışılır.

Həmin kafedranın müəllimi Elnurə Orucova Təsviri sənət nəzəriyyəsinin əsas anlayışları adlı çıxışında diqqətə çatdırıb ki, dərs vəsaiti mövcud proqram əsasında yazılmış, təsviri sənət nəzəriyyəsinin əsas anlayışlarından, funksiyalarından, onun növlərindən, janrlarından, inkişaf mərhələlərindən, qeyri-təsviri sənət növlərindən bəhs olunur.

Universitetin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir-deyən müəlliflər  universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdar olduqlarını bildiriblər.