Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

YUNANISTAN RESPUBLİKASININ AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ NİKOLAOS KANELLOS NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

15.12.2017

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonağı salamlayaraq onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor görüş zamanı səfirə bu il 50 illik yubileyini qeyd edən ali təhsil ocağının beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlardan danışıb. Qeyd olunub ki, bu yaxınlarda universitet dünyanın ən önəmli təhsil qurumlarından olan Avrasiya Universitetlər Birliyinin (EURAS)  üzvü seçilib.

Səfir səmimi qəbula görə təşəkkür edib. O, Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün faydalı ola biləcəyini vurğulayıb. Diplomat öz rəsm əsərlərindən ibarət kitabı universitet rəhbərliyinə təqdim edib.

Sonra səfir və onun rəhbərlik etdiyi nümayəndə heyəti universitetin Beynəlxalq əlaqələr və xarici dillər fakültəsində tələbələrlə görüşüb. Universitetin rektoru səfiri uzaqgörən diplomat, peşəkar rəssam və gözəl yazıçı kimi tədbir iştirakçılarına təqdim edib.

Görüş zamanı səfir tədbir iştirakçılarına iki ölkə arasında yaranmış perspektivli münasibətlərdən, Yunanıstan mədəniyyətindən, öz həyat və yaradıcılığından danışıb.  Diplomat şəxsi inkişafdan, liderlikdən, yaradıcılıqdan söhbət açıb, gənclərə hərtərəfli bir mütəxəssis kimi yetişmələri üçün dəyərli məsləhətlərini verib. Tələbələri maraqlandıran suallar cavablandırılıb.