Sayt xəritəsi

XƏBƏRLƏR

GÖRKƏMLİ ALİMİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB

20.12.2017

Naxçıvan Dövlət Universitetində Vəliyəddin Əliyevin 100 ilik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dilçi alimin Azərbaycan elm və təhsilindəki mövqeyindən, dilçilik elminin inkişafındakı xidmətlərindən, universitetdəki səmərəli elmi-pedaqoji fəaliyyətindən bəhs edib.

Vəliyəddin Əliyevin ömür yolu adlı çıxışında filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova alimin ömür yolundan, dilçilik sahəsində böyük bir məktəb yaratmasından, ayrı-ayrı vaxtlarda Azərbaycan dilçiliyi və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasındakı elmi fəaliyyətindənsöhbət açıb.

Vəliyəddin Əliyev və klassik Azərbaycan ədəbiyyatı mövzusunda filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli görkəmli alimin yaradıcılığından, zəngin elmi irsindən, Azərbaycan ədəbi dil tarixinin inkişafına göstərdiyi xidmətlərindən danışıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov Azərbaycan dilçiliyində təzadlara aydınlıq gətirən alim adlı çıxışında Azərbaycan ədəbiyyatında bədii təsvir və bədii ifadə vasitələri haqda ilk araşdırma müəllifi kimi alimin adını qeyd edib.

Alimin qızı universitetin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Rüxsarə Əsədova atası haqda xatirələrini bölüşüb. Atasına bir alim, müəllim kimi verilən qiymətə görə sonsuz minnətdarlıq hissini ifadə edib.