Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

TƏLƏBƏLƏRİN MÜKAFATLANDIRMA MƏRASİMİ KEÇİRİLİB

21.12.2017

Naxçıvan Dövlət Universitetində 2017-2018-ci tədris ilində universitetdaxili və muxtar respublika, eləcə də ölkə miqyaslı idman və bilik yarışlarında qələbə qazanmış tələbələrin  mükafatlandırma mərasimi keçirilib.

 

Gənclərin asudə vaxtının səmərəli təşkilində, onların sağlam böyüməsində idmanın mühüm rolunu qeyd edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov muxtar respublikada gənclərin təhsilə və idmana  cəlbi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsindən danışıb. Rektor yarışlarda qələbə qazanmış bütün tələbələri təbrik edərək onlara uğurlar arzulayıb.

 

Universitet Tələbə İdman klubunun sədri, dosent Məmmədəli Rəhimov Klubun 2017-2018-ci tədris ilinə dair hesabatını diqqətə çatdırıb. Məlumat verilib ki, universitetdə tələbələrin idmanla məşğul olması üçün hər cür şərait mövcuddur.

 

Sonra mükafatların təqdimatı olub. Bakı şəhərində keçirilən kempo döyüş təlimi üzrə III Avrasiya birinciliyində 100 kq çəki dərəcəsində Səyyad Məmmədov I, Bakı şəhərində keçirilən budo döyüş növü üzrə dünya kuboku yarışında Vüqar Məhərrəmov I yerə layiq görülüblər. Kiyev şəhərində  keçirilən karate-do üzrə Beynəlxalq turnirdə isə Sərcan Məmmədov III yerin sahibi olub.

 

Bu dövr ərzində idmançılarımız Naxçıvan MR-də keçirilən bir neçə yarışda iştirak edərək yüksək nəticə göstəriblər. Belə ki, Ali və orta ixtisas tələbələrinin Naxçıvan Muxtar Respublika birinciliyində peyntbol üzrə yarışlarda universitetin ümumi komandası I yerə layiq görülüb. Arpaçay-Şahbulaq yürüşündə eyni nəticə qeydə alınıb. “10-17 noyabr Beynəlxalq tələbə gənclər həftəsi”nə həsr olunmuş Ali və orta ixtisas tələbələrinin muxtar respublika birinciliyində oğlanlar arasında stolüstü tennis üzrə yarışlarda Əkrəm Rəhimov I, Nəriman Məmmədov II, Araz Əliyev III yerə, qızlar arasında isə Xurşud Mahmudova I, Gülayə Cəfərova II, Həsən Babayev isə III yerə layiq görülüblər.  Üzgüçülük üzrə yarışlarda Turan Məmmədov II, Ağamməd Hüseynov III yerə layiq görülüb. Tələbələrimiz həmçinin atletika və voleybol yarışlarında da uğur əldə ediblər.

 

Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş oğlanlar arasında voleybol yarışlarında Pedaqoji fakültə I, Fizika-riyaziyyat fakültəsi II, Tibb fakültəsi III yerlərə layiq görülüb.

 

2017-2018-ci tədris ilinin I yarısında I kurs tələbələri arasında  futbol, futzal, voleybol, şahmat, stolüstü tennis üzrə keçirilən seçmə yarışlarında Pedaqoji fakültə 8 balla I, İqtisad fakültəsi 7 balla II, Memarlıq və mühəndislik fakültəsi 7 balla III yerlərə layiq görülüb. Qalib komandalara və digər yerlərin sahiblərinə diplom və hədiyyələr təqdim edilib.

 

Tədbirdə həmçinin Universitet Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilən “10-17 noyabr Tələbə Gənclər həftəsi”nə həsr olunmuş bilik yarışmasında, eləcə də Fizika-riyaziyyat fakültəsinin təşkil etdiyi fakültələrarası bilik yarışmasında qalib gələn komandalar da təltif olunub.