Sayt xəritəsi

XƏBƏRLƏR

İNCƏSƏNƏT FAKÜLTƏSİNİN MUSİQİ TƏLİMİ KAFEDRASININ HESABAT KONSERTİ KEÇİRİLİB

23.12.2017

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Musiqi təlimi kafedrasının hesabat konserti keçirilib. Azərbaycan klassik, xalq mahnılarından ibarət konsert proqramında xarici ölkə bəstəkarlarının da mahnıları ifa olunub. Solo oxuma ixtisasının tələbələri ilə yanaşı konsertdə instumental ifalar da səsləndirilib. Muğamda öz bacarıqlarını ortaya qoyan tələbələrin ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, konsertin bədii rəhbəri pedaqogika üzrə fəlsəfə doktoru, dosent İsmayıl Hüseyn oğlu Mürsəlovdur.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri təbrik edərək onlara uğurlar arzulayıb. Muxtar respublikada incəsənətin inkişafına, müğənni və aktyorluq, bəstəkarlıq, sənətşünaslıq sahəsində ali təhsilli mütəxəssis hazırlığına, sənət adamlarının fəaliyyətinə göstərilən dövlət qayğısından danışıb, hesabat konsertlərini istedadlı tələbələri üzə çıxarmaq, onlarda professional ifaçılıq məziyyətləri aşılamaq baxımından əhəmiyyətli hesab edib.


Konserti kafedranın müəllim və tələbələrin illik hesabatı kimi qiymətləndirən İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova  ümumilikdə hesabat konsertini qənaətbəxş qiymətləndirərək qeyd edib ki, gənc ifaçıların səhnədəki ilk kövrək addımları onların gələcək səhnə uğurları üçün əsaslı zəmin yaradacaq.