Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ AESOP LAYİHƏSİ UĞURLA HƏYATA KEÇİRİLİR

27.12.2017

Naxçıvan Dövlət Universitetində akademik ombudsmanın təyinatına həsr olunmuş yığıncaq keçirilib.

Ali təhsil ocağının beynəlxalq layihələrdə iştirakından söz açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov AESOP (Advocacy Establishment for Students through Ombudsman Position)- “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması”  layihəsindən söz açıb. Rektor universitetdə ombudsman vəzifəsinin yaradılmasının Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addım olduğunu deyib. Universitetin akademik ombudsman vəzifəsinə Ceyran Quliyevanın namizədliyi irəli sürülüb.  Səs çoxluğu ilə Ceyran Quliyeva universitetin akademik ombudsman vəzifəsinə  təyin olunub.

Layihə barədə məlumat verən Xarici tələbələrlə iş üzrə dekan, Universitetin AESOP layihəsi üzrə işçi qrupunun üzvü, dosent Ceyran Quliyeva qeyd edib ki, layihə çərçivəsində universitet əməkdaşları üç ölkədə - Polşa, Portuqaliya və İtaliya universitetlərində olaraq orada fəaliyyət göstərən Ombudsman ofisləri ilə, onların iş fəaliyyəti ilə, ombudsman vəzifəsini yerinə yetirən nümayəndələrlə tanış olublar. Həmçinin tədbir iştirakçılarına akademik ombudsmanın səlahiyyətləri haqda da məlumat verilib.

Məlumat üçün qeyd edək ki, “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsinə Erasmus+ proqramı çərçivəsində 2016-cı ildən start verilib. Layihədə ölkəmiz üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2 dövlət, 3 özəl universitet və Şərqi tərəşdaşlıq ölkələrindən Gürcüstan üzrə 3, Ukraynadan 2 universitet təmsil olunub. Partnyor ölkələr qismində isə hər birindən bir təşkilat olmaqla Böyük Britaniya, İtaliya, Avstriya, Portuqaliya, Polşa və Finlandiya çıxış edir. 3 il davam edəcək  layihənin əsas məqsədi tələbələrin hüquqlarının qorunma mexanizminin yenidən hazırlanması və onların  təhsillərini uğurla başa çatdırılmasının dəstəklənməsini nəzərdə tutulur.