Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 20 YANVAR FACİƏSİNİN 28-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ KONFRANS KEÇİRİLİB

16.01.2018

 Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş konfrans keçirilib. Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. Rektor ali məktəbin tələbələrinə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının mühüm olduğunu deyib, tələbə gənclərə təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə edib.

“20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı çıxışında fakültənin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Yusif Hüseynov sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini tarixi aspektdən dinləyicilərin diqqətinə çatdıraraq faciənin yaranma səbəbləri və faciə zamanı törədilən dəhşətlər haqqında ətraflı məlumat verib.

20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi mövzusunda çıxışında Beynəlxalq münasibətlər kafedrasının dosenti Elbrus İsayev faciəyə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin gorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib.

Beynəlxalq münasibətlər ixtisasının II kurs tələbəsi, fakültə Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Abazər Kərimov “20 Yanvar faciəsinə dünya ölkələrinin münasibəti” adlı çıxış edib. Sonda 20 Yanvar faciəsi nə həsr edilmiş şeirin bədii qiraəti olub.