Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNIN MADDİ-TEXNİKİ BAZASI GENİŞLƏNDİRİLİR

16.01.2018

 Naxçıvan Dövlət Universitetində  hər il yeni tədris korpusları istifadəyə verilir, maddi-texniki baza möhkəmlənir, tədris müasir dünya təhsilinin tələblərinə uyğun qurulur. Bu istiqamətdə aparılan işlər kadr hazırlığı işini xeyli yaxşılaşdırmaqla bərabər yeni ixtisaslar açılmasına da şərait yaradır. Bu günlərdə universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı, İncəsənət fakültəsi üçün yeni avadanlıqlar təqdim olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək qeyd edib ki, Naxçıvan Dövlət Universitetində müasir infrastrukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikamızda təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir. Rektor dövlət müstəqilliyinin bərpasından sonra respublikamızda təhsilin özünün yeni inkişaf mərhələsinə qədəm qoymasından, dünya təhsil sisteminə inteqrasiya olunmasından danışıb.

Coğrafiya kafedrasının müdiri, dosent Əli Həsənov qeyd edib ki, muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, bugün fakültə və ixtisaslar ayrı-ayrılıqda ən müasir  avadanlıqlarla təchiz olunur. Bildirilib ki, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi də bu qayğıdan bəhrələnib. Fakültənin ayrı-ayrı ixtisasları üçün nəzərədə tutulan,  ümumi məbləği 25 min manat olan avadanlıqlar haqda kafedranın müdiri ətraflı məlumat verib. Küləyin sürətini, istiqamətini, temperaturunu, yağıntının miqdarını, təyin etmək üçün istifadə olunan metereo budka, Günəş, Yer,  Ay sistemini əks etdirən telluri, su hövzələrinin şəffaflığının müəyyən edilməsində əvəzsiz rol oynayan sekka diski, vulkanın kəsiyinin modeli, Geodeziya və xəritəçəkmə ixtisası tələbələri  üçün nəzərdə tutulan topoqrafik dəst, xəritədə, planda xüsusilə əyri xətlərin ölçülməsində istifadə olunan kuvrimetr, küləyin istiqamətini, gücünü müəyyən etmək üçün  açılan-yığılan flüger, nümayiş olunmaq və elektron formada təqdim etmək üçün barametr-aneroidin iki növü, dünyanın kiçikmiqyaslı siyasi,  böyükmiqyaslı  fiziki xəritəsi  fakültəyə təqdim olunub.

İncəsənət fakültəsi üçün isə 1 cüt aktiv və passiv səsucaldan, 1 səs tənzimləyən aparat, 20 ədəd simli, 2 ədəd kabelsiz mikrafon, 20 ədəd not pultu, 20 ədəd mikrofon dayağı və bir sıra avadanlıqlar təqdim olunub. Qeyd edək ki, incəsənət fakültəsinə təqdim edilən avadanlıqların dəyəri 15 min 600 manatdır. Rektor universitetə göstərilən diqqət və qayğıya görə minnətdar olduğunu bildirib. Fakültə dekanları və müəllimlər müasir avadanlıqların təhsildə uğurla tətbiq olunması üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.