Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ 2017-Cİ İLİN YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ YIĞINCAQ KEÇİRİLİB

16.01.2018

Naxçıvan Dövlət Universitetində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və qarşıda duran öhdəliklərlə bağlı çıxış edib. Qeyd olunub ki,  ötən tədris ilində Naxçıvanda ali təhsilli kadrların hazırlanmasında xüsusi çəkiyə malik olan Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi dövlət səviyyəsində qeyd olunub, universitetin İqtisad fakültəsi üçün yeni korpus istifadəyə verilib. Rektor ötən tədris ilinin ən böyük uğuru kimi  reytinq cədvəlinin müəyyən edilməsi üçün maksimum 1000 baldan 827-ni  toplayan Naxçıvan Dövlət Universitetinin ölkəmizin 28 ali məktəbi arasında ən yüksək nəticə əldə etməsini vurğulayıb.

Tədris prosesinin yekunları və qarşıda duran vəzifələr barədə hesabatında tədris işləri üzrə prorektor, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid universitetin 50 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 oktyabr tarixli Sərəncamları həmçinin Naxçıvan Muxtar respublikası Ali Məclisi Sədrinin 2017-ci il 1 noyabr tarixli Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə universitetin əməkdaşlarının təltif olunmasını təhsilimizə, elmimizə göstərilən yuksək dövlət qayğısı kimi dəyərləndirib. Qeyd olunub ki, 2016-2017-ci tədris ilində 58 ixtisas üzrə bakalavr, 68 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorantura, 15 ixtisas üzrə rezident hazırlığı həyata keçirilib. Bakalavr təhsil pilləsində 2 yeni ixtisas Geodeziya və xəritəçəkmə mühəndisliyi, İnformasiya texnologiyaları, magistraturada isə 31 yeni ixtisas açılıb. Universitetin beynəlxalq əlaqələrindən danışan prorektor vurğulayıb ki,  ali təhsil ocağı hal-hazırda ERASMUS+layihəsi çərçivəsində ERASMUS+AESOP, ERASMUS+NİZAMİ VƏ ERASMUS+PETRA layihələrinin üzvüdür və bu layihələr çərçivəsində bir çox yerli və Avropa Universitetləri ilə əməkdaşlıq edir. Vurğulanıb ki, tələbə-müəllim mobilliyi hər il olduğu kimi ötən tədris ilində uğurla həyata keçirildiyi kimi 2017-2018-ci  ildə də beynəlxalq təcrübəni nəzərə almaqla ən güclü kadr potensialı və ali təhsil müəssisəsi strukturunu yaratmaq missiyasını qarşısına məqsəd qoyur. 2017-ci ilin noyabr ayından Muxtar respublika Rəhbərinin tapşırığı əsasında distant təhsil üzrə qəbul prosesinin həyata keçirilməsi nəzərdə tutulub. Universitet Distant Təhsil Mərkəzi yaratmaqla və bu istiqamətdə  tələbə qəbulu həyata keçirməklə Azərbaycan Universitetləri arasında bir ilkə imza atmış olacaq.

Universitetdə aparılan tikinti-quraşdırma işləri və iqtisadi islahatlar mövzusunda İqtisad fakültəsinin tədris işləri üzrə dekan müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov İqtisad fakültəsi üçün yeni korpusun tikilməsini   universitetimizin 50 illiyinə bir töhvə olaraq dəyərləndirib. Bildirilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, bugün fakültə və ixtisaslar ayrı-ayrılıqda ən müasir  avadanlıqlarla təchiz olunur.

Tədbirə yekun vuran rektor Naxçıvan Dövlət Universitetində təhslilin səviyyəsinin daha da yaxşılaşdırılması, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə istifadə olunması, ölkəmizin, o cümlədən dünyanın qabaqcıl ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi, universitetin beynəlxalq arenada tanıdılması və təbliği istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.