Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB

19.01.2018

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı elmi-praktik konfrans keçirilib.

Əvvəlcə universitet tələbələrinin müdhiş faciəyə həsr olunmuş rəsmlərindən ibarət sərgiyə baxış olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  çıxış edərək qeyd edib ki, mənfur ermənilərin tarixən Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasətinin davamı kimi meydana çıxmış yanvar hadisələri gənclərimizin yaddaşına əbədi həkk olunmalı, şəhidlərimizin xatirəsi daim uca tutulmalıdır.Təsviri incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq rəssamı, dosent Hüseynqulu Əliyev əsərlər haqqında məlumat verib. Sərgidə keçmiş sovet qoşunlarının ölkəmizə yeridilməsinin acı nəticələrini və dinc əhaliyə qarşı törədilmiş amansız cinayətlərini özündə əks etdirən əsərlər yer alıb.

Fakültənin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq 28 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən danışıb. Qeyd edilib ki, Azərbaycanın müasir tarixinə eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar hadisələrinə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə siyasi-hüquqi qiymət verilib.

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli çıxışında bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin  yeridilməsi nəticəsində dinc əhaliyə divan tutulub, nəticədə Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Vurğulanıb ki, qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşısa da buna nail ola bilməyib və Azərbaycan xalqı uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşub.

Tədbirin ədəbi-bədii hissəsində tələbələrin ifasında şəhidlərə həsr olunmuş şeirlər və mahnılar səslənib.

Sonda   film nümayiş olunub.