Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA GƏNCLƏR GÜNÜ QEYD OLUNUB

30.01.2018

Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının 2 fevral-Gənclər gününə həsr olunmuş “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda növbəti məşğələsi keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini və keyfiyyətcə yeni mərhələyə yüksəldiyini deyib. Çıxışda ümummilli liderin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə gənclərlə bağlı həyata keçirilən islahatlardan, gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirakının təmin edilməsi məqsədilə görülən işlərdən danışılıb. Rektor tələbə-gəncləri bayram münasibətilə təbrik edərək onlara yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnməyi tövsiyə edib.

Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə edib. Məruzədə 1994-cü ildə dövlət gənclər siyasətini həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı il fevralın 2-də  ulu öndər Heydər Əliyevin iştirakı ilə Ümumrespublika Gənclərinin I Forumunun keçirilməsindən, gənclər siyasəti ilə bağlı ümummilli lider tərəfindən imzalanmış fərman və sərəncamların mahiyyətindən ətraflı danışılıb.  Qeyd olunub ki, dövlət gənclər siyasəti  ölkəmizin bütün bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir. Tədris işləri üzrə prorektor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncamla “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulduğunu diqqətə çatdırıb və tələbələri www.genclerpaytaxti.az saytına daxil olaraq Naxçıvanın Gənclər Paytaxtı seçilməsində fəal iştirak etməyə səsləyib.