Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ “NAXÇIVAN-İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXIDIR” ADLI FOTO-VİDEO MÜSABİQƏYƏ YEKUN VURULUB

22.02.2018

Naxçıvan Dövlət Universitetində “Naxçıvan-İslam mədəniyyətinin paytaxıdır” adlı foto-video müsabiqəyə yekun vurulub. Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  qeyd edib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması humanist və sülhsevər bir təşəbbüs olmaqla Azərbaycanın İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Vurğulanıb ki, bu il Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, 2018-ci il üçün Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın İslam həmrəyliyinə verdiyi  növbəti töhfədir. Rektor Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə yanaşı, həm də bu il onlayn səsvermə çoxluğu ilə ölkəmizin “Gənclər Paytaxtı” seçilməsi münasibətilə tələbə-gəncləri təbrik edib.

Qeyd edək ki, tələbələr tərəfindən çəkilən və müsabiqədə Naxçıvanın İslam mədəniyyəti tarixində yerini və rolunu, bu qədim yurd yerimizdə mövcud olan İslam mədəniyyəti abidələrini və dini dəyərlərimizi əks etdirən materiallar yer alıb. Ümumilikdə, müsabiqəyə 15-dən çox foto-video buraxılıb.  Qaliblər universitetin instaqram səhifəsində ən çox bəyənmə alan 10 video və foto arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən Təsviri-incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistr Gülbani Əliyeva müsabiqənin qalibi olub. Mətbuat tarixi ixtisası üzrə I kurs magistr Tərlan Süleymanov II, Yerüstü nəqliyyat vasitələri mühəndisliyi üzrə II kurs tələbəsi Şaxtaxtinski Elvin isə III yerə layiq görülüblər.

Qaliblərə Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.