Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ CƏLİL MƏMMƏDQULUZADƏNİN EV-MUZEYİNDƏ OLUB

24.02.2018

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyində olub.  Muzeyin əməkdaşı Səadət Qocayeva muzey haqqında məlumat verərək Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradıldığını,  13 oktyabr 1999-cu ildə şəxsən iştirakı ilə istifadəyə verildiyini, burada 1708 eksponatın qorunub saxlandığını, muzeyin son il illər dövlət qayğısı hesabına yeni eksponatlarla zənginləşdiyini bildirib.

Bildirilib ki, öz yaradıcılıq dəst-xətti ilə seçilən, məhşur dram və nəsr əsərlərinin, maraqlı satirik hekayələrin müəllifi, Şərqdə satirik publisistikanın “Molla Nəsrəddin” jurnalının banisi olan Cəlil Məmmədquluzadə demokratik fikirli, vətənpərvər ziyalı kimi öz yaradıcılığında xalqın tale yüklü problemlərindən bəhs edib və  bu gün də aktual olan qlobal məsələlərə toxunub.

Vurğulanıb ki, böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə  xatirə muzeyləri yaradılıb, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Musiqili Dram Teatrına Cəlil Məmmədquluzadənin adı verilib.


Qeyd edək ki, muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Ədibə  və onun ailəsində məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır.