Sayt xəritəsi

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA NAXÇIVAN ŞƏHƏRİNİN GƏNCLƏR PAYTAXTI SEÇİLMƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

27.02.2018

Naxçıvan Dövlət Universitetində Naxçıvan şəhərinin gənclər paytaxtı seçilməsinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü  Saleh Məhərrəmov bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvanın ölkəmizin “Gənclər paytaxtı” seçimi ilə bağlı səsvermədə qalib gəlməsini böyük uğur kimi qiymətləndirib, bunu muxtar respublikada gənclərə göstərilən yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun aşılanması gənclərimizin bugünkü mövqelərini ortaya qoyur.

Azərbaycanın uğurlu gənclər siyasəti mövzusunda çıxışında universitetin Tələbə Gənclər Təşkilatının Sədri Zümrüd Səfərova bildirib ki, Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə təmsil etmələri sübut edirdi ki, Naxçıvan Gənclər Paytaxtı olmağa layiqdir. 2018-ci il 31 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 nəfər gənc arasında öz adının olmasını ümumən muxtar respublika gəncliyinə verilən dəyərli töhfə kimi dəyərləndirib.

Tədbir incəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.