Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ XOCALI FACİƏSİNİN 26-CI İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ TƏLƏBƏLƏR ARASINDA ŞEİR MÜSABİQƏSİ KEÇİRİLİB

24.02.2018

Naxçıvan Dövlət Universitetində Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə tələbələr arasında şeir müsabiqəsi keçirilib.  Universitetin tələbə-gənclər təşkilatının təşkil etdiyi tədbirdə əvvəlcə soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbiri giriş sözlərilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb. Rektor qeyd edib ki, bu hadisə təcavüzkar ermənilər tərəfindən Azərbaycan xalqı üçün təşkil edilən yeganə soyqırım olmayıb, ondan əvvəl də xalqın başına dəfələrlə oxşar müsibətlər gətirilib. Rektor ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində bu gün Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması uğrunda böyük addımlar atıldığını bildirib və bütün iştirakçıları, eləcə də gəncləri bu istiqamətdə fəal olub millətin günahsız tökülən qanının yerdə qalmaması üçün bu soyqırımın dünyaya çatdırılmasında dövlətimizə dəstək olmağa çağırıb.

Sonra ayrı-ayrı ixtisasların ifasında şeirlər dinlənilib. Peşəkar münsiflərin rəyinə əsasən Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbəsi Röya İsmayılova müsabiqənin qalibi olub. Həmin ixtisas üzrə Lamiyyə Bağırbəyli ikinci, Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Abazər Kərimov isə üçüncü olub.