Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

02.03.2018

Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanlığın akt zalında  5 mart Bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir keçirilib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən muxtar respublikamızda “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Vurğulanıb ki, dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir.

Naxçıvan Dövlət Universitetində idmanın inkişafı adlı çıxışında “Fiziki tərbiyə və idman oyunları” kafedrasının müdiri Cavanşir  Rəhimov universitetin pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlərdən danışıb.

Ali təhsil ocağında idmanın inkişafı və tələbələrin asudə vaxtlarını səmərəli keçirilməsində göstərdiyi xidmətlərə görə universitetin bir qrup müəllimlərinə  müxtəlif idman növləri üzrə fəxri fərmanlar təqdim edilib.  Yusif Vəliyev futbol, Əvəz Tağıyev voleybol, Məmmədəli Rəhimov badminton, Valeh Əlixanov boks, Nicat Allahverdiyev karate idman növləri üzrə mükafatlandırılıblar.

Hava və ekstremal idman yürüşündə, yürüyüş üzrə  keçirilən hər iki  muxtar respublika yarışında I yeri qazandığına görə Gülayə Cəfərova, atıcılıq stend üzrə muxtar respublika birinciliyində I yeri tutduğuna görə Nuray Mahmudova Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin  diplomu ilə  təltif olunublar.