Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞININ MADDİ-TEXNİKİ BAZASI GÜNÜ-GÜNDƏN GENİŞLƏNİR

02.03.2018

Naxçıvan Dövlət Universitetində  hər il yeni tədris korpusları istifadəyə verilir, maddi-texniki baza möhkəmlənir, tədris müasir dünya təhsilinin tələblərinə uyğun qurulur. Bu istiqamətdə aparılan işlər kadr hazırlığı işini xeyli yaxşılaşdırmaqla bərabər yeni ixtisaslar açılmasına da şərait yaradır. Universitetin Sosial-idaretmə və hüquq fakültəsinin Kriminalistika ixtisası üçün  yeni avadanlıqlar təqdim olunub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov avadanlıqların təqdimində çıxış edərək qeyd edib ki, ali təhsil ocağında müasir infrastrukturun yaradılması və tədrisin keyfiyyətinin artırılması istiqamətində görülən işlər muxtar respublikamızda təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısının əyani ifadəsidir.

Yeni avadanlıqlar həmin ixtisasın nəzəri cəhətlərini öyrənməklə yanaşı, təcrübi cəhətdən də tələbələrin həmin ixtisası dərindən mənimsəmələrinə şərait yaradacaq. Əl-barmaq, ayaq izlərinin, eləcə də avtomaşın təkərinin izlərinin aşkar olunması, götürülməsi, qablaşdırılması üçün lazımi avadanlıqlar, daktiloplyonkalar, müxtəlif ölçülərdə yapışqan bantlar, əl-barmaq izlərinin aşkarlanması üçün kimyəvi tozlar, şübhəli və təqsirləndirilən şəxslərin barmaq izlərinin götürülməsi üçün ştamperlər, meyidin barmaq izini götürmək üçün silindrik ştamperlər, hadisə yerindən aşkarlanmış maddi sübutların götürülməsi, paketlənməsi üçün kağız və klyonka paketlər, Canon markalı rəqəmsal fotoaparat, qaranlıqda əməliyyat üçün fənərlər, kimyəvi tozlarla işləmək üçün müxtəlif ölçülərdə fleyst-kist, eyni zamanda maqnit fırçalar yeni avadanlıqlar sırasındadır.

Rektor tələbələr və müəllimlər adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.