Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

DƏYİRMİ MASA KEÇİRİLİB

03.03.2018

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Milli-mənəvi dəyərlərimizin qorunmasında İslam dininin rolu” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunmasına dövlət dəstəyindən danışıb. O, həmçinin xalqımızın zəngin milli-mənəvi və dini dəyərlərə malik olduğunu, bu dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu bildirib. Ali təhsil ocağının rektoru Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmasını Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürü kimi qiymətləndirib.

Universitetin Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri Əkbər Əliyevin çıxışında qeyd olunub ki, hər bir cəmiyyətdə milli və mənəvi dəyərlərin qorunması həmin cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Azərbaycan xalqı da tarixən öz milli, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. Qədim Naxçıvan diyarı isə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tarixən milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında mühüm rol oynayıb.

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki,  İslam dini böyük mənəvi dəyərləri özündə birləşdirən, insanların bir-biri ilə mehriban yaşamasını, daim təkmilləşməyi, öyrənməyi tövsiyə edən humanist bir dindir. Bu gün ölkəmizdəki tolerantlığın əsas kökü milli-mənəvi dəyərlərimizdən qaynaqlanır. İslam dini isə bu dəyərlərimizin daha təkmil və kamil formalaşmasına öz təsirini göstərib. Bu mənada, İslam dini dəyərlərimizlə, dəyərlərimiz isə dinimizlə bir vəhdət təşkil edir. Vüqar Babayev muxtar respublikada multikultural dəyərlərə yüksək qiymət verildiyini, dövlət-din münasibətlərinin mövcud qanunvericilik çərçivəsində tənzimləndiyini diqqətə çatdırıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.