Sayt xəritəsi

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏNİN ÇANKIRI KARATEKİN UNİVERSİTETİNDƏ OLUB

05.03.2018

ERASMUS+ layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin müəllim və əməkdaşlarından ibarət 13 nəfərlik nümayəndə heyəti beş gün ərzində Türkiyənin Çankırı Karatekin Universitetində olub.


Səfərin ilk günü Çankırı Karatekin Universitetinin rektoru, professor Həsən Ayrancı layihə çərçivəsində Azərbaycanla yanaşı Sudan və Tacikistandan olan 28 nəfərlik nümayəndə heyətini qəbul edib. Rektor qeyd edib ki, bu cür layihələrin həyata keçirilməsi universitetlərarası qarşılıqlı mübadiləyə təkan verməklə yanaşı ölkələrarası münasibətlərin də yaxınlaşmasına xidmət edir.

Naxçıvan Dövlət Universiteti adından çıxış edən universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Elşən Məmmədov səmimi qəbula görə minnətdarlığını bildirib. Universitetin rektoru, professor Saleh Məhərrəmovun salamlarını çatdırıb.

Sonra hər üç ölkə nümayəndələri üçün toplantı keçirilib. Erasmus+ layihəsinin koordinatoru Şuayıp Turan Çankırı şəhəri, tarixi, qədim abidələri, təbiəti, şəhərin memarlıq quruluşu və Çankırı Karatekin Universiteti haqqında məlumat verib. Hər üç ölkə nümayəndə heyətinin üzvlərinin iştirakı ilə Xocalı faciəsinin 26-cı ildönümü anılıb. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Naxçıvan Dövlət universiteti Beynəlxalq münasibətlər kafedrasının müəllimi Cəbi Quliyev Azərbaycana qarşı törədilən qanlı cinayətin dəhşətləri barədə məlumat verib. Faciəni əks etdirən video-çarx nümayiş etdirilib. Hər üç ölkənin nümayəndələrinin öz universitetləri haqqında tanıtım filmi göstərilib.

Universitetlə yaxından tanış olan müəllimlər ixtisaslaşmış bölmələrdə dərs və treyninqlər keçiblər. İqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov, Sosial İdarəetmə və hüquq fakültəsinin tədris işləri üzrə dekan müavini Beyrək Cəfərov, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Cəbi Quliyev İqtisadi və İdarəetmə elmləri fakültəsində, Bələdiyyə və Turizm kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Vəliyeva universitetin nəzdində İlgaz Turizm Peşə Liseyində dərs keçib, tələbələri maraqlandıran sualları cavablandırıblar. Kimya kafedrasının müəllimi Sevinc Kərimova mühəndislik fakültəsində dərs keçib və fakültənin laboratoriyası ilə tanış olub. Treninq üzvləri də rektorluq, idarə heyəti, strateji planlama, kitabxana, İKT və Media üzrə müvafiq dərslərdə iştirak edib.Universitetinin Fortepiano kafedrasının baş müəllimi Fatma Əliyeva konsert proqramı ilə çıxış edib. “Sarı Gəlin” xalq mahnısının ifası tamaşaçılarda ruh yüksəkliyi yaradıb.

Səfərin son günü Çankırı Karatekin Universitetinin prorektoru, professor Murad Arı hər üç ölkədən olan nümayəndə heyətinə dərs və treninqlərdə fəal iştirakına görə minnətdarlığını bildirib və bu cür layihələrin davamlı olacağını qeyd edib. Naxçıvan Dövlət Universiteti adından söz deyən dosent Elşən Məmmədov yüksək səviyyəli təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlıq edib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.