Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN HEYƏTİ ÇANKIRI KARATEKİN UNİVERSİTETİNDƏ OLUB

07.03.2018

ERASMUS+ Beynəlxalq Mobillik layihəsi çərçivəsində  Naxçıvan Dövlət Universitetinin 6-ı tədris, 7-i təlim olmaq üzrə 13 nəfərlik müəllim və işçi heyəti Türkiyənin Çankırı Şəhərində yerləşən Çankırı Karatekin Universitetində olub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlardan danışıb.  Rektor ali təhsil ocağının Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyini əsas saymalarını və  bu istiqamətdə tələbə mübadiləsini davam etdirdiklərini diqqətə çatdırıb. Qeyd olunub ki, artıq müvafiq ixtisaslar üzrə tələbələr seçilib və 1 semestr təhsil almaq üçün 4 tələbə Şota Rustavelli adına Batumi Dövlət Universitetinə, 2 tələbə isə Penza Dövlət Universitetinə göndərilib. Tələbə mübadiləsinin şərtlərinə uyğun olaraq 4 tələbə isə Naxçıvan Dövlət Universitetinə gəlib.

Çankırı Karatekin Universitetində ixtisaslaşmış bölmələrdə dərs keçən müəllimlər keçdikləri dərs və treyninqlər haqda məlumat veriblər. Naxçıvanın turizm potensialının tanıdılması istiqamətində  Bələdiyyə və Turizm kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Vəliyeva tədris etdiyi dərslərdə bu sahəyə daha ciddi yanaşdığını diqqətə çatdırıb.

Beynəlxalq münasibətlər kafedrasının müəllimi Cəbi Quliyev qeyd edib ki, layihə çərçivəsində Xocalı faciəsi haqda ətraflı məlumat verməklə faciənin dəhşətlərini  qardaş ölkəylə yanaşı Sudan və Tacikistandan olan 28 nəfərlik nümayəndə heyətinə də çatdırıb.

Treninq üzvləri də rektorluq, idarə heyəti, strateji planlama, kitabxana, İKT və Media üzrə müvafiq dərslərdə iştirak etdiyi haqda məlumat veriblər.  Universitetinin Fortepiano kafedrasının baş müəllimi Fatma Əliyeva keçirdiyi solo-konsertin, “Sarı Gəlin” xalq mahnısının tamaşaçılar tərəfindən alqışlarla qarşılanmasını vurğulayıb.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov universitetin xarici ölkələrlə bağladığı  beynəlxalq əhəmiyyətli layihələrin əhəmiyyətindən danışıb. Dövlət dəstəyi hesabına milli təhsilimiz günü-gündən inkişaf edir deyən prorektor-ali təhsil ocağının gələcək əməkdaşlıq məsələrinə ciddi diqqət yetirdiyini önə çəkib. Prorektor  universitetlərarası qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.  Müəllimlərin verdikləri təklif və rəylər dəyərləndirilib.

Nümayəndə heyəti göstərilən diqqət və qayğıya görə minnətdar olduqlarını bildiriblər.