Sayt xəritəsi

XƏBƏRLƏR

BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

07.03.2018

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında “Qadınların hüququ və cəmiyyətdə rolu” mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tələbə və müəllimləri Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Rektor bildirib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub.Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Vurğulanıb ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadının cəmiyyətdəki fəallığının artırılması üçün qlobal addımlar atılıb və bunun nəticəsidir ki, bugün Azərbaycan qadınları cəmiyyətin ictimai həyatının fəal iştirakçılarına çevriliblər.

Tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Abbasova, filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova Azərbaycan qadının müasir cəmiyyətdəki yeri, vəzifələri, ailədəki rolu haqqında danışıblar. Çıxışlarda qadınların cəmiyyətdəki rolunun artırılması istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən söhbət açılıb.

Tədbir mövzu ətrafında diskussiya ilə davam edib.