Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

DƏYİRMİ MASA KEÇİRİLİB

05.04.2018

Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanlığın nəzdində fəaliyyət göstərən Tələbə Turizm Assosiasiyasında “Naxçıvanda İslam Mədəniyyəti abidələrinin turizmin inkişafına təsiri” mövzusunda dəyirmi masa keçirilib.

Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova tədbiri açaraq Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Flora Kərimova Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsinin də məhz onun zəngin tarixə və mədəniyyətə malik olmasından qaynaqlandığını bildirib.

Bələdiyyə və turizm kafedrasının müəllimi Nigar Bababəyli məruzəsində qeyd edib ki, 5000 ildən artıq tarixə malik Naxçıvan diyarında turizmin tarixi-mədəni, müalicə, ekoturizm, kənd-yaşıl, etnik növləri ilə yanaşı dini-ziyarət turizmi də geniş inkişaf edib. Belə ki, burada 140-a yaxın ziyarətgah, eləcə də müxtəlif dini obyektlər - pirlər, imamzadələr  var və  insanlar bu obyektləri maraqla ziyarət edirlər. Vurğulanıb ki, muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərən ziyarətgahdır ki, burada ziyarətçilər üçün hər cür şərait yaradılıb. Hər il buraya on minlərlə insan ziyarətə gəlir. Məruzədə həmçinin Naxçıvan şəhərində, rayon və kəndlərində mövcud olan müxtəlif türbə, imamazadə və pirlər haqqında geniş məlumat verilib.

Bələdiyyə və turizm kafedrasının dosenti Hafiz Hüseynov çıxışında  turizmin ölkələrin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasındakı rolundan və ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Daha sonra tələbələrin mövzu ilə bağlı fikir və sualları dinlənilib.

Tədbirin davamında müəllim və tələbələr “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma altında Muzey kompleksini ziyarət ediblər. Xan sarayında məlumat verilib ki, saray Naxçıvan şəhərinin Xan dikində inşa olunub. Naxçıvan xanı I Kalbalı xan Kəngərliyə və onun varislərinə məxsus olan bu saray Azərbaycanın orta əsrlər memarlığının nadir incilərindən biridir. Burada muxtar respublikanın ərazisindən tapılan müxtəlif dövrlərə aid daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr nümayiş olunur. Ekspozisiyadakı 450 maddi-mədəniyyət nümunəsi ulu Naxçıvanın daş yaddaşıdır. Muzeydə ilk vaxtlar 359 eksponat olduğu halda, hazırda onların sayı 2000-i ötür.