Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

UNİVERSİTETİN NÖVBƏTİ HAMİLİK TƏDBİRİ NAXÇIVAN MUXTAR RESPUBLİKASI SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNDƏ OLUB

05.04.2018

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Fiziki tərbiyə  və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov qeyd edib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində inamla irəliləyir və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, ordu quruculuğu təşkil etməklə dövlətimizin və xalqımızın, əmin-amanlığı, tərəqqisi təmin edilməkdədir. General-mayor aprel döyüşlərində qazandığımız qələbənin 2-ci ildönümü ərəfəsində keçirilən görüşün təsadüf olmadığını vurğulayıb. Dörd günlük qələbənin xalqımızın zəfər tarixi olduğu diqqətə çatdırılıb.


Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki,  universitetdə mövcud olan vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının və dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Vurğulanıb ki, ən əsas məsələ ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.


Vətəndaşların ilkin hərbi qeydiyyata alınması adlı çıxışında Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi, mayor Vüsal Əliyev qeyd edib ki, səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir.


Sonda tələbələrdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayan  “Şəhadət” sənədli filminin nümayişi olub.