Sayt xəritəsi

XƏBƏRLƏR

İRANIN XARİCİ İŞLƏR NAZİRİ NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNDƏ OLUB

06.04.2018

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov İran İslam Respublikasının xarici işlər nazirini salamlayaraq deyib ki, 1967-ci ildə yaradılan Naxçıvan Dövlət Universiteti ötən 50 ildə böyük inkişaf yolu keçib. 108 hektar sahədə yerləşən universitetdə 16 tədris korpusu, Elektron Kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası, Tələbə evi və Universitet Media Mərkəzi yaradılıb. Universitetdə elektron idarəetmə və tədris sistemi istifadəyə verilib, kadr hazırlığına diqqət artırılıb. Hazırda universitetdə tarix-filologiya, pedaqoji, iqtisad, beynəlxalq münasibətlər və xarici dillər, fizika-riyaziyyat, memarlıq və mühəndislik, təbiətşünaslıq və kənd təsərrüfatı, sosial idarəetmə və hüquq, incəsənət, tibb fakültələri, eləcə də magistratura, xarici tələbələrlə iş üzrə dekanlıq və Distan Tədris Mərkəzi fəaliyyət göstərir.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində 58 ixtisas üzrə bakalavr, 68 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı aparılır. Hazırda universitetdə 5317 bakalavr, 238 magistr, 188 doktorant təhsil alır. Bununla yanaşı 9 xarici ölkədən 300-ə yaxın tələbə təhsil alır. Universitetdə elmi-pedaqoji fəaliyyətlə 421 müəllim məşğul olur ki, onun da 2-si akademik, 7-si AMEA-nın müxbir üzvü, 16-sı elmlər doktoru, 153-ü fəlsəfə doktorudur. Universitetdə dissertasiya şurası fəaliyyət göstərir. Hazırda universitetdə 48 elektron lövhə, 780 kompyuter, 14 internet mərkəzi vardır. Bu da yeni təlim üsullarının, o cümlədən elektron təhsilin tətbiqinə əlverişli şərait yaradır. Milli reytinq tədqiqatlarının nəticələrinə əsasən Naxçıvan Dövlət Universiteti Azərbaycanda fəaliyyət göstərən 19 dövlət, 9 qeyri-dövlət ali təhsil müəssisəsi arasında 2 dəfə birinci yerə layiq görülüb.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif universitetin tələbələri üçün İran-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub. Nazir müasir dövrdə ölkələr arasındakı əlaqələrin vəziyyətinə nəzər salıb, İran-Azərbaycan münasibətlərinin nümunə gücündə olduğunu bildirib, sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.