Sayt xəritəsi
 
Bizimlə əlaqə

XƏBƏRLƏR

ALİ TƏHSİL OCAĞINDA NÖVBƏTİ İDMAN YARIŞI KEÇİRİLİB

12.04.2018

Naxçıvan Dövlət Universitetində tələbələr arasında stolüstü tennis üzrə yarış keçirilib. Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Həsən Babayev rektora raport verib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, universitetdə keçirilən  idman yarışlarının təşkilində əsas məqsəd ali təhsil müəssisələrində tələbələrin sağlamlığını möhkəmləndirmək, asudə vaxtlarının səmərəli keçməsinə yardım göstərməkdir. Eyni zamanda ali təhsil müəssisələrində idmanın və bədən tərbiyəsinin kütləviliyinə nail olmaq, ən yaxşı idman kollektivini müəyyən etməkdir. Vurğulanıb ki, güc, sürət və bacarıq kimi xüsusiyyətləri özündə birləşdirdiyinə görə stolüstü tennis dünyada tamaşaçıların ən çox izlədiyi idman oyununa çevrilib.

Həmin kafedranın baş müəllimi Elza Musayeva oyun haqda məlumat verib, oyunçulara uğurlar arzulayıb. Qeyd olunub ki, ən sürətli və həyəcanverici idman növlərindən olan stolüstü tennis oyunu bərk stolun üstündə keçirilir və bu stolda hər oyunçunun ərazisi stolun ortasında yerləşdirilən tor ilə müəyyənləşdirilir.

Qeyd edək ki, oğlanlar arasında yarışa universitetin Tibb və Tarix-filologiya fakültələri, qızlar arasında isə Təbiətşünaslıq və kənd təsərrüfatı və Pedaqoji fakültələrınin oyunu ilə start verilib. Universitetin professor-müəllimi heyəti oyunun gedişini izləyiblər.