Sayt xəritəsi

XƏBƏRLƏR

“AZƏRBAYCANDA İDMAN VƏ OLİMPİYA HƏRƏKATI: İNKİŞAF TARİXİ” MÖVZUSUNDA VİKTORİNA KEÇİRİLİB

17.04.2018

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində “Azərbaycanda idman və Olimpiya hərəkatı: inkişaf tarixi” mövzusunda fakültə tələbələri arasında bilik yarışı keçirilib.

Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov yarış başlanmazdan əvvəl çıxış edərək qeyd edib ki, ali təhsil ocağında elmin müxtəlif sahələrini əhatə edən viktorinalar mütəmadi olaraq keçirilir və bu da tələbələrin asudə vaxtının səmərəli təşkilinə, zərərli vərdişlərdən uzaq olmalarına xidmət edir. Vurğulanıb ki, ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına yüksək dövlət qayğısı var və ali təhsil ocağında keçirilən bu viktorina tələbələrin idman sahəsindəki biliklərinin yoxlanılması baxımından əhəmiyyətlidir. Prorektor Universitet Tələbə Gənclər Təşkilatının  fəaliyyətini yüksək qiymətləndirib. Yarışın iştirakçılarına uğurlar arzulayıb.

Universitet Tələbə Gənclər Təşkilatının sədri Zümrüd Səfərova çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsində məqsəd tələbələrimizin Azərbaycanda idmanın inkişafı, tarixi və Olimpiya hərəkatının tarixi haqqında biliklərinin qiymətləndirilməsi və bu mövzu ilə bağlı dünyagörüşlərinin genişləndirilməsindən ibarətdir. Qaydalar haqqında məlumat verən Zümrüd Səfərova qeyd edib ki, yarış test üsulu ilə keçiriləcək. Tələbələrə 48 test tapşırığı təqdim olunacaq, hər doğru cavab 1 balla qiymətləndiriləcək.

Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Həsən Babayev tələbələrə müvəffəqiyyətlər diləyib.

Test tapşırıqları paylanıldıqdan sonra yarışa start verilib.

Yarışın nəticələrinə görə Bədən tərbiyəsi və idman ixtisası üzrə I kurs tələbələri Babayev Fuad – I, Xaliqov Vüqar-II, Adıgözəlov Məhəmməd isə III yerlərə layiq görülüb.